Türkiyənin Kilis şəhərində Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu, Kilis 7 Aralık Universiteti, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium işə başlayıb.
Bu barədə “Tehsil365” ə İlahiyyat İnstitutundan məlumat verilib.
Beynəlxalq simpoziumun əsas məqsədi müsəlman ölkələri arasında birgəyaşayışa dair mövcud imkanların müəyyənləşdirilməsi, birgəyaşayış təcrübəsinin müasir dövrdə tətbiq sahələrinin, həmçinin gələcəkdəki fəaliyyət istiqamətinin aydınlaşdırılması və təşviqi, Türkiyə, Azərbaycan və İndoneziyanın timsalında müsəlman ölkələri arasında münasibətlərin dayanıqlı inkişafına yönəlmiş ortaq baxışın gücləndirilməsidir.
Açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğanın iştirakçılara ünvanladığı təbrik məktubu səsləndirilib. Prezident məktubunda yardım və həmrəyliyin, eləcə də birgəyaşayış iradəsinin ən gözəl nümunəsini nümayiş etdirən Kilis şəhərində belə bir toplantının keçirilməsinin olduqca mənalı və uğurlu seçim olduğunu bildirib, simpoziumun işinə uğurlar arzulayıb.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa müasir dövrdə fərqli din, mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın əhəmiyyətindən danışıb, İslam sivilizasiyasının tarix boyu müxtəlif xalqların və inancların bir arada sülh şəraitində yaşamasına mühüm töhfə verdiyini diqqətə çatdırıb. F.Mustafa Azərbaycanın multikultural dəyərlərin qorunduğu məkan olduğunu vurğulayıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru dosent Aqil Şirinov İslam sivilizasiyasının formalaşma prosesində digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrin rolu barədə fikirlərini bölüşüb. Azərbaycanın əsrlərboyu müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olduğunu söyləyən A.Şirinov ölkəmizdə mövcud olan tolerantlıq mühitinin beynəlxalq səviyyədə nümunə kimi qiymətləndirildiyini qeyd edib.
A.Şirinov təmsil etdiyi Azərbaycan İlahiyyat İnstitutunun da bu dəyərlərin yaşadılması və inkişaf etdirilməsinə töhfə verdiyini söyləyib. Onun sözlərinə görə, ali təhsil müəssisəsində mövcud olan məzhəblərüstü yanaşma, elmi-tədris fəaliyyəti, beynəlxalq əməkdaşlıqlar gənc nəslə tolerantlıq, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətinin aşılanmasına xidmət göstərir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov bildirib ki, birgəyaşayış mədəniyyəti müasir dövrdə qlobal əhəmiyyət kəsb edən əsas məsələlərdən biridir. İslam sivilizasiyası müxtəlif xalqlar və mədəniyyətlər arasında qarşılıqlı hörmət, əməkdaşlıq mühitinin formalaşmasına ciddi təsir göstərib. Ədalət, mərhəmət və insan ləyaqətinə hörmət kimi dəyərlər bu modelin əsasını təşkil edir, bu gün də aktuallığını qoruyur.
Simpoziuma ev sahibliyi edən Kilis 7 Aralık Universitetinin rektoru, professor Zəkəriyyə Akman tədbirin fərqli ölkələrdən alim və tədqiqatçıları bir araya gətirilməsinin vacibliyinə diqqət çəkib.
Türkiyənin Kilis şəhər valisi Ömər Kalaylı, Kilis 7 Aralık Universitetinin professoru Şahin Ahmetoğlu, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin rektoru Jarot Vahyudi, Birləşmiş Ərəb Əmirliklərinin Əl-Vasl Universitetinin rektoru professor Məhəmməd Sahbi Bazaui, Misirin 6 Oktyabr Universitetinin rektor müavini professor Məhəmməd Mahmud Əbdülqadir Əly və Misirin Ayn Şəms Universitetinin professoru Mahmud Əbdülhafiz Xələfalla Məhəmmədun çıxışlarında müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin qlobal sabitliyin təmin olunmasında mühüm rol oynadığı, elmi əməkdaşlığın genişlənməsi və ortaq dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd edək ki, “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium işini panellərlə davam etdirir. Panellərdə Azərbaycan, Türkiyə, İndoneziya, Malayziya, Özbəkistan, Misir, Qırğızıstan, İordaniya, BƏƏ, Əlcəzair, Livan, İraq, Almaniya, İspaniya və digər ölkələrin 150-dən çox aliminin məruzəsi dinləniləcək

