Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Türk dünyasının görkəmli saz-söz ustadı aşıq Hüseyn Saraçlının anadan olmasının 110 illiyinə həsr edilmiş tədbir keçirilib.
“Tehsil365“ xəbər verir ki, Azərbaycan icmasının üzvləri, azərbaycanlı tələbələr və gənclərin təşkilatçılığı və muzeyin dəstəyi əsasında təşkil olunan tədbir məşhur “Tütək səsi” filmində Hüseyn Saraçlının ifa etdiyi “Ruhani” havası ilə başlayıb.
Anım mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov çıxış edərək aşıq sənətinin türk mədəni irsindəki rolunu vurğulayıb. Bildirib ki, aşıq sənəti Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında mühüm rol oynayıb.
Aşıq Nargilə Mehtiyeva çıxışında Aşıq Hüseyn Saraçlının irsinin qorunmasının vacibliyini qeyd edib və onun doğulduğu evdə “Aşıq Hüseyn Saraçlının ev-muzeyi”nin yaradılmasını təklif edib. Bildirilib ki, bununla bağlı Gürcüstanın Mədəniyyət Nazirliyinə müraciət olunub və məqsəd ustadın irsini gələcək nəsillərə çatdırmaqdır.
Professor Kamal Mamhmudoğlu, filologiya elmləri doktoru Şürəddin Məmmədli, tarixçi-alim Ramiz Bəkirov və başqaları çıxış edərək Aşıq Hüseyn Saraçlını Borçalı saz-söz məktəbinin və ümumtürk mədəniyyətinin önəmli simalarından biri kimi dəyərləndiriblər. Qeyd olunub ki, onun evinin muzeyə çevrilməsi ideyası həm tarixi yaddaşın qorunması, həm də mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir zamanı Aşıq Hüseyn Saraçlının həyat və yaradıcılığına həsr olunmuş sənədli materiallar və xatirələr də təqdim edilib.
Xüsusilə onun müxtəlif illərdə çəkildiyi filmlərdə ifa etdiyi saz havaları iştirakçılar tərəfindən xatırlanıb.
Aşıq Hüseyn Saraçlı 1916-cı ildə Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində anadan olub. O, 400-dən çox dastan və rəvayət bilən ustad sənətkar kimi tanınıb, müxtəlif ölkələrdə konsertlərlə çıxış edib və türk dünyasında geniş şöhrət qazanıb.

