Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” Mərkəzində aktyor sənəti ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri Antalyada keçirilən “Akdeniz Üniversitesi Tiyatro Topluluğu” XVIII Beynəlxalq Teatr Festivalında iştirak ediblər. Azərbaycan truppası Uilyam Şekspirin pyesi əsasında hazırlanmış “Yay gecəsində yuxu” tamaşasını təqdim edib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, rolları Rahib Allahquliyev, Firuzə İsmayıl, Fatimə Əliyeva, Rüfət Əhmədov, Ləman Quliyeva, Murad Fərzəliyev, Elay Hənifəzadə və Sabir Gəraylı ifa ediblər. Kurs rəhbəri və quruluşçu rejissor Mikayıl Mikayılov, aktyor sənəti üzrə müəllim isə Ruslan İsmayılovdur.
Xatırladaq ki, bu tamaşa ötən il “Pillə 3” Respublika Tələbə Tamaşaları Festivalında “Ən yaxşı tamaşa” nominasiyasına layiq görülüb. Tamaşa, həmçinin Qazaxıstanda keçirilən “Türk Dünyası” III Beynəlxalq Tələbə Tamaşaları Festivalında nümayiş edilib və onun aktyoru “Ən yaxşı kişi rolu” nominasiyasını qazanıb.
M.Mikayılov tələbələr üçün beynəlxalq festivallarda iştirakın nə dərəcədə vacib olduğundan danışıb.
“Beləliklə, gənclər dünyagörüşlərini genişləndirir, beynəlxalq truppalarla və xarici universitetlərin tələbələri ilə tanış olur və beynəlxalq səviyyədə təqdim olunan digər əsərləri görmək imkanı əldə edirlər ki, bu da onlara böyümək və inkişaf etmək imkanı verir. İstənilən məkan tələbələr üçün çox vacibdir, beynəlxalq festivallarda iştirak etmək isə onlara özünəinam verir və əlavə olaraq bacarıqlarını inkişaf etdirir”, - deyə müsahibimiz qeyd edib.
M.Mikayılov vurğulayıb ki, bu quruluş artıq ikinci ildir festivallarda uğurla iştirak edir: “Hətta keçən il tələbələr üçüncü kursda oxuyarkən səhnələşdirilən tamaşanın səhnədə belə davam edəcəyini gözləmirdik. Biz “Yay gecəsində yuxu”nu bir neçə məkanda - Qazaxıstanda, Bakıda və Gəncədə nümayiş etdirdik. Türkiyədən qayıtdıqdan sonra onu yenidən paytaxtdakı digər məkanlarda nümayiş etdirməyi planlaşdırırıq”.
Rejissor əlavə edib ki, Türkiyədəki festivala yola düşməzdən əvvəl bu tələbələr qrupu “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalında, lakin fərqli bir tamaşa ilə - avstriyalı dramaturq Yura Zoyferin pyesi əsasında hazırlanmış “Vineta və ya Sulara qərq olmuş şəhər” tamaşası ilə iştirak edib.
“Antalyada olarkən isə Vətənimizdən xoş xəbər aldıq - yeni tamaşamız “Ən yaxşı tamaşa” nominasiyasını qazandı. Bu, bütün kollektiv üçün böyük sevincdir!” - deyə M.Mikayılov bildirib.

