“İstifadəçilərin rəqəmsal təhlükəsizliyi üçün ən vacib addımlardan biri iki faktorlu doğrulamanın aktiv edilməsidir”.
İnformasiya texnologiyaları mütəxəssisi Natiq Məmişov “Tehsil365”ə açıqlamasında bildirib ki, şəxsi hesabların qorunması üçün güclü və unikal şifrələrdən istifadə olunmalıdır:
“Sadə və asan təxmin edilən parollar təhlükəlidir. Hər hesab üçün fərqli, mürəkkəb və etibarlı şifrə seçmək lazımdır.”
Ekspert qeyd edib ki, sosial şəbəkə və tətbiqlərdə məxfilik ayarlarına diqqət yetirilməlidir:
“Zərurət olduqda profillər məxfi rejimdə saxlanmalı, paylaşım görünürlüğü məhdudlaşdırılmalı və məkan tarixçəsi (location history) bağlanmalıdır.”
Natiq Məmişov phishing hücumlarına qarşı diqqətli olmağın vacibliyini də vurğulayıb:
“‘Hesabınızı təsdiqləyin’, ‘linkə daxil olun’ kimi mesajlara ehtiyatla yanaşmaq lazımdır. Bu tip saxta mesajlar istifadəçi məlumatlarını ələ keçirmək məqsədi daşıya bilər.”
Onun sözlərinə görə, mobil tətbiqlərə verilən icazələr də ciddi nəzarətdə saxlanmalıdır:
“Kamera, mikrofon, kontaktlar, qalereya və digər şəxsi məlumatlara çıxış yalnız zəruri hallarda verilməlidir. Hər tətbiqə bütün icazələri vermək doğru deyil.”
Mütəxəssis əlavə edib ki, şübhəli hesablar bloklanmalı və platformalara şikayət edilməlidir. Bank və ya şəxsi məlumatlarla bağlı risk yaranarsa, aidiyyəti qurumlara dərhal məlumat verilməlidir.
Natiq Məmişov bildirib ki, platformaların təhlükəsizlik imkanlarından istifadə etmək vacibdir:
“Məsələn, bəzi messencerlərdə ucdan-uca şifrələmə mövcuddur. Bu, yazışmaların üçüncü şəxslər tərəfindən oxunmasının qarşısını alır.”
Sonda ekspert rəqəmsal savadlılığın artırılmasının vacibliyini qeyd edib:
“Uşaqlara və böyüklərə rəqəmsal təhlükəsizlik qaydaları öyrədilməli, cəmiyyətdə maarifləndirmə işi gücləndirilməlidir.”

