Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə tələbələr arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş intellektual yarış keçirilib.
“Tehsil365" xəbər verir ki, çıxış edən kafedranın müdiri Hümeyrə Mustafayeva Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideologiyasının ölkəmizin inkişafındakı mühüm rolundan danışıb. Bildirib ki, xalqın milli maraqlarını daim üstün tutan Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı və milli həmrəyliyin təmin olunması istiqamətində misilsiz xidmətlər göstərib.
Qeyd edilib ki, Heydər Əliyev ölkəni mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxararaq sabitliyin bərqərar olmasına, güclü dövlət və ordu quruculuğuna nail olub. Həmçinin vurğulanıb ki, görkəmli şəxsiyyət milli kimliyin, ana dilinin və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxlayıb, gənclərin hərtərəfli inkişafına xüsusi önəm verib. Hümeyrə Mustafayeva belə tədbirlərin tələbələrin Heydər Əliyevin siyasi fəaliyyəti, dövlətçilik prinsipləri və milli dəyərlər barədə biliklərinin artırılması baxımdan mühüm əhəmiyyət daşıdığını bildirib.
Sonra universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələrin iştirakı ilə iki mərhələdən ibarət intellektual yarışa start verilib. Yarış zamanı iştirakçılar Heydər Əliyevin dövlətçilik fəaliyyəti, siyasi irsi və azərbaycançılıq ideologiyası ilə bağlı sualları cavablandırıblar.
Viktorinanın nəticələrinə uyğun olaraq, I yeri “İstiqlal”, II yeri “Azadlıq”, III yeri “Göytürk”, IV yeri isə “Qafqaz” komandası qazanıb.
Qalib komandalara müvafiq diplomlar təqdim olunub.

