Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il 9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunduqdan sonra minlərlə abituriyent nəticəsindən narazı qaldığı üçün apellyasiyaya müraciət edib.
Belə ki, 9 mart buraxılış imtahanı üzrə 3509, 15 mart imtahanı üzrə isə 3978 nəfər Apellyasiya Komissiyasına müraciət edib.
Həmin abituriyentlər nəticələrin nə zaman açıqlanacağı ilə bağlı maraqlanırlar.
“Tehsil365"in Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, proses başa çatdıqdan sonra abituriyentlərə "SMS" göndəriləcək.
Bildirilib ki, apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrələrinə apellyasiya prosesinin başa çatması ilə bağlı SMS göndərilir.

