8 may 2026-cı il tarixində ADPU-nun Quba filialında müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş "Zirvələrin əzəməti" mövzusunda beynəlxalq elmi-praktik tədbir keçirilib.
“Tehsil365“ xəbər verir ki, tədbir ADPU-nun Quba filialının, Quba Rayon İcra Hakimiyyəti və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı, həmçinin Quba rayon Heydər Əliyev Mərkəzi və Quba Soyqırımı Memorial Kompleksinin dəstəyi ilə ərsəyə gəlib.
Tədbir başlamazdan əvvəl tədbir iştirakçıları, professor-müəllim heyəti və tələbələr filialın foyesində Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqrafçılar Birliyinin üzvü, dosent Nigar Bağırovanın müəllifi olduğu fərdi yaradıcılıq sərgisi ilə tanış olublar. Sərgidə nümayiş etdirilən möhtəşəm əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Rəsmi hissə filialın “Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzi”ndə Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, professor Yusif Alıyev bu əlamətdar günün tarixi əhəmiyyətini vurğulayaraq qeyd edib: "Bu gün biz təkcə böyük bir dövlət xadiminin doğum gününü qeyd etmirik, həm də müasir Azərbaycanın intibah fəlsəfəsini yenidən dərk edirik. 2026-cı ilin 'Şəhərsalma və Memarlıq ili' elan olunması rəmzi məna daşıyır. Çünki Heydər Əliyev təkcə binaların deyil, müasir Azərbaycan dövlətçiliyinin, milli ideologiyamızın və sarsılmaz birliyimizin baş memarıdır. Onun uzaqgörən siyasəti sayəsində bu gün işğaldan azad edilmiş torpaqlarımızda – Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng quruculuq işləri məhz Ulu Öndərin memarlıq dühasının və strateji hədəflərinin təzahürüdür."
Professor həmçinin əlavə edib ki, pedaqoji kollektivin əsas vəzifəsi Heydər Əliyev məktəbinin dəyərlərini gənc nəslə aşılamaqdır. Konfransın beynəlxalq statusda keçirilməsi isə Türk dünyası elmi əlaqələrinin möhkəmlənməsinə, eləcə də "Bir millət, iki dövlət" düsturunun elmi müstəvidə uğuruna xidmət edir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, YAP Quba rayon təşkilatının məsul əməkdaşı Təbriz Qurbanov, rəssam Nigar Bağırova, Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, Prezident mükafatçısı, Əməkdar mədəniyyət işçisi Elza Orucova, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova çıxış edərək Heydər Əliyevin Azərbaycan mədəniyyəti, tarixi və dövlətçiliyinə verdiyi misilsiz töhfələrdən danışıblar.
Beynəlxalq tədbirə Özbəkistandan gələn qonaqlar – Fərqanə Dövlət Universitetinin dosenti Muqaddamxon İbrohimovna, professor Sohiba Zokirova, Urgənc Dövlət Pedaqoji Universitütinin dosenti Məhəbbət Rəhimbəyova dahi liderin Türk dünyasının birliyi istiqamətindəki tarixi xidmətlərini xüsusi vurğulayıblar.
Sonda Ümummilli Liderin dövlətçilik irsinin təbliği və milli inkişaf strategiyasının gənc nəsil arasında tanıtdırılması istiqamətində səmərəli fəaliyyət göstərən bir qrup ziyalıya – Nigar Bağırova, Elza Orucova, Aytən Qurbanova və Nəhayət Şirinovaya professor Yusif Alıyev tərəfindən Fəxri fərmanlar təqdim olunub.
Tədbir xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.

