Azərbaycanın tanınmış dövlət və ictimai xadimlərindən biri olan Əliş Ləmbəranski 1914-cü il mayın 10-da Cavanşir qəzasının Lənbəran kəndində anadan olub.
“Tehsil365” xəbər verir ki, Uzun illər Azərbaycan SSR-də müxtəlif yüksək vəzifələrdə çalışan Ləmbəranski xüsusilə Bakının inkişafı və abadlaşdırılması sahəsində gördüyü işlərlə yadda qalıb.
Əliş Ləmbəranski 1954-cü ildə Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini vəzifəsində çalışıb. Daha sonra 1959–1966-cı illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri olub. Onun rəhbərliyi dövründə paytaxtda geniş tikinti, abadlıq və infrastruktur layihələri həyata keçirilib.
1970–1987-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsini icra edən Əliş Ləmbəranski eyni zamanda Azərbaycan SSR Ali Sovetinin müxtəlif çağırışlarının deputatı seçilib. O, 1951-ci ildə SSRİ Dövlət mükafatına layiq görülüb, 1964-cü ildə isə “Azərbaycan SSR əməkdar mühəndisi” fəxri adına sahib olub.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olan Əliş Ləmbəranski 1999-cu il mayın 1-də Bakıda vəfat edib. O, Azərbaycanın şəhərsalma və idarəçilik tarixində mühüm iz qoymuş şəxsiyyətlərdən biri hesab olunur.

