Azərbaycanın görkəmli siyasi və dövlət xadimi olan Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.
“Tehsil365” xəbər verir ki, Uzun illər ölkənin siyasi həyatında mühüm rol oynayan Heydər Əliyev həm sovet dövründə, həm də müstəqil Azərbaycan Respublikasında rəhbər vəzifələrdə fəaliyyət göstərib.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev respublikanın iqtisadi, sənaye və mədəni inkişafı istiqamətində geniş islahatlar həyata keçirib. Onun rəhbərliyi dövründə Azərbaycanda bir sıra iri sənaye müəssisələri yaradılıb, milli kadr hazırlığına xüsusi diqqət ayrılıb.
1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ölkədə siyasi sabitliyin təmin olunması, dövlət quruculuğu və beynəlxalq əlaqələrin inkişafı sahəsində mühüm addımlar atıb. Onun hakimiyyəti dövründə Azərbaycanın enerji strategiyasının əsasını təşkil edən beynəlxalq neft müqavilələri imzalanıb.
Heydər Əliyev 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend şəhərində vəfat edib. O, Azərbaycan tarixində dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynamış siyasi lider kimi xatırlanır.

