Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.
“Tehsil365” xəbər verir ki, Əsl adı Müsavat Yaqubov olan şair uzun illər Azərbaycan poeziyasının inkişafında mühüm rol oynayıb.
Musa Yaqub yaradıcılığında əsasən vətən, təbiət, insan duyğuları və həyat fəlsəfəsi mövzularına geniş yer verib. Onun şeirləri səmimiyyəti və dərin mənası ilə oxucular tərəfindən sevilib.
1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Musa Yaqub 1995–2000-ci illərdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. 2019-cu ildə ona “Azərbaycan Respublikasının Xalq şairi” fəxri adı verilib.
Azərbaycan poeziyasının görkəmli simalarından hesab olunan Musa Yaqub 2021-ci il mayın 7-də doğulduğu Buynuz kəndində vəfat edib. Onun zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur.

