6 və 8 may tarixlərində Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri fakültəsinin təşəbbüsü, Təlim və metodologiya şöbəsinin təşkilatçılığı ilə “Düzgün oxu strategiyaları və ədəbiyyatı anlama bacarığı” adlı təlim keçirilib.
“Tehsil365” xəbər verir ki, ingilis və alman dilləri, həmçinin İngilis və fransız dilləri fakültələrinin I kurs tələbələrinin iştirak etdiyi təlimdə bədii mətnlərin müasir oxu metodları əsasında təhlili, interpretasiyası və tənqidi qavranılması istiqamətində mühüm mövzular müzakirə olunub. Təlimin əsas məqsədi tələbələrdə bədii mətnləri effektiv oxu strategiyaları əsasında anlama, təhlil və interpretasiya etmə bacarıqlarını formalaşdırmaq olub.
Təlim zamanı tələbələrə oxunun yalnız mətnin səthi qavranılması deyil, eyni zamanda müəllif ideyasının, simvolik qatların və gizli mənaların təhlili prosesi olduğu izah edilib. İnteraktiv formatda təşkil olunan proqram çərçivəsində tələbələrin yüksək fəallığı və aktiv iştirakı təmin olunub.
Təlim çərçivəsində Azərbaycan və dünya ədəbiyyatından seçilmiş nümunələr əsasında praktik fəaliyyətlər həyata keçirilib. Keyt Şopinin “Peşmançılıq”, Ernest Heminqueyin “Körpüdəki qoca”, Elçinin “Kölgə” və İsi Məlikzadənin “Duz” hekayələri üzərində aparılan müzakirələr zamanı tələbələr oxu strategiyalarını tətbiq edərək mətn təhlili, interpretasiya, refleksiya və yaradıcı yanaşma bacarıqlarını inkişaf etdiriblər.
Təlim prosesində annotation, chunking, sokratik dialoq, case study və yaradıcı yazı metodlarından istifadə olunub.
Təlim Azərbaycan ədəbiyyatı kafedrasının filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi Röya Mürşüdova, filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi Mehriban Mövlamova, Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının filologiya üzrə fəlsəfə doktoru, dosent Gilə Hüseynli və İxtisas ölkəsinin ədəbiyyatı kafedrasının filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Səbriyyə İsmizadə tərəfindən aparılıb.
İnteraktiv müzakirələr və praktik tapşırıqlarla zəngin olan proqram tələbələrdə analitik düşünmə, tənqidi yanaşma və bədii mətnləri çoxqatlı şəkildə dəyərləndirmə bacarıqlarının formalaşdırılmasına xidmət edib.

