Azərbaycan Dillər Universitetinin (ADU) Macarıstanda fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə Caspia Strateji Siyasət və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin həmtəsisçisi və direktoru Orxan Yolçuyev, Ludovika Türk Araşdırmaları Mərkəzinin baş məsləhətçisi Dávid Biró və məsləhətçi Péter Kövecsi-Oláh səfər ediblər.
“Tehsil365” xəbər verir ki, Səfər çərçivəsində qonaqlar Mərkəzin direktoru Fərqanə Bayramlı ilə görüş keçirərək, mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr və Azərbaycan dilinin, eləcə də mədəniyyətinin Macarıstanda təşviqi istiqamətində görülən işlərlə yaxından tanış olublar.
Görüş zamanı tərəflər arasında akademik əməkdaşlıq, birgə tədqiqat imkanları və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, Caspia Strateji Siyasət və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Səfər Azərbaycan ilə Macarıstan arasında elmi-mədəni əlaqələrin inkişafına və institusional əməkdaşlığın genişlənməsinə töhfə verən mühüm addım kimi qiymətləndirilir.

