Mayın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) BMR fakültəsi nəzdində Qərb ölkələri üzrə Regionşünaslıq kafedrası tərəfindən “Azərbaycanın beynəlxalq informasiya siyasəti və Prezident İlham Əliyevin tövsiyələri” mövzusunda ustad dərsi keçirilib.
“Tehsil365” xəbər verir ki, dərsdə Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri prof. S. Əliyeva, kafedranın müəllimləri t.ü.f.d., b/m. B. Abdulla, b/m. U. Hüseynova, A. Xanlarova, Britaniyəşünaslıq ixtisası üzrə 364AB qrupunun və Norveçşünaslıq ixtisası üzrə 367-ci qrupun tələbələri iştirak ediblər.
B/m. Ülviyyə Hüseynova informasiya siyasətinin mahiyyəti, informasiyanın beynəlxalq münasibətlərdə rolunun artması, infoimperializmin yaranması və inkişafı, onun yaratdığı çətinliklər, informasiya təhlükəsizliyinin ön plana çıxması, dövlətlərin daxili və xarici informasiya axınlarının idarə olunması və qorunması siyasəti, informasiyanın sosial mahiyyəti, infokulturoloji piramidanın formalaşması, eləcə də müstəqil Azərbaycanın informasiya erasında həyata keçirdiyi beynəlxalq informasiya siyasətinin mahiyyəti haqqında ətraflı məlumat verib.
T.ü.f.d., b/m. Bəyim Abdulla isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu informasiya siyasəti mövzusunda çıxış edərək Azərbaycanın balanslı siyasət yürütdüyünü, İkinci Qarabağ müharibəsi dövründə Prezidentin beynəlxalq media kanallarına verdiyi müsahibələrin mahiyyəti və əhəmiyyətini vurğulayıb. O, müstəqil Azərbaycanın aktiv beynəlxalq informasiya siyasəti həyata keçirdiyini, eyni zamanda öz mövqeyini qətiyyətlə müdafiə etdiyini qeyd edib. B. Abdulla çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə orta güc kimi çıxış etdiyini, beynəlxalq media qurumları ilə əməkdaşlıq vasitəsilə yumşaq güc tətbiq etdiyini və ölkənin beynəlxalq imicinin formalaşdırıldığını vurğulayıb.
364AB və 367-ci qrup tələbələri Azərbaycanın beynəlxalq informasiya strategiyasının əsas prinsipləri, Prezident İlham Əliyevin çıxışlarında informasiya təhlükəsizliyinə yanaşma, qlobal mediada Azərbaycanın imicinin formalaşdırılması yolları, dezinformasiya və saxta xəbərlərə qarşı mübarizə mexanizmləri, xarici KİV-lərlə əməkdaşlıq və informasiya diplomatiyası, Qarabağ mövzusunun beynəlxalq mediada təqdimatı və Prezidentin mövqeyi, rəqəmsal diplomatiya və sosial medianın rolu, milli maraqların beynəlxalq informasiya məkanında qorunması, xarici dillərdə yayımlanan Azərbaycan mediasının inkişafı, beynəlxalq təşkilatlarla informasiya sahəsində əməkdaşlıq, media savadlılığının artırılması və cəmiyyətin rolu, eləcə də informasiya siyasətində şəffaflıq və etibarlılığın təmin olunması barədə məlumat veriblər.

