Azərbaycan şahmatçısı Gülnar Məmmədova beynəlxalq arenada qazandığı nailiyyətlərlə ölkə şahmatının tanınmış simalarından birinə çevrilib.
“Tehsil365” xəbər verir ki, O, 1991-ci il mayın 11-də Şirvan şəhərində anadan olub.
Gülnar Məmmədova şahmat sahəsində əldə etdiyi uğurlarla bir neçə dəfə Azərbaycan çempionu adını qazanıb və müxtəlif beynəlxalq turnirlərdə ölkəni uğurla təmsil edib. O, 2012-ci ildə qadınlar arasında qrosmeyster adına layiq görülüb.
Şahmatçı 2017-ci ildə Azərbaycan şahmat tarixində ilk dəfə qadın şahmatçılar arasında kişilər üzrə Beynəlxalq usta normasını yerinə yetirərək diqqət çəkən uğura imza atıb. O, 2009-cu ildən etibarən qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvü kimi çıxış edir.
Gülnar Məmmədova bu gün də Azərbaycan şahmatının inkişafına töhfə verən idmançılar sırasında yer alır.

