“Tehsil365” İnformasiya Agentliyinin layihəsi olan “Şəhidin səsi” proqramının növbəti buraxılışı Vətən müharibəsinin ilk şəhidlərindən biri olan şəhid mayor Abbas Qasımov həsr olunacaq.
Veriliş bu gün saat 18:00-da yayımlanacaq. Buraxılışın aparıcısı “Tehsil365” İnformasiya Agentliyinin icraçı direktoru Amidə Zeynalova olacaq.
"Tehsil365" xəbər verir ki, Abbas Rza oğlu Qasımov 1986-cı il martın 17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində anadan olub. O, 6 yaşında atasını itirib. 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən ailəsi ilə birlikdə doğma yurdundan deportasiya edilən Abbas Qasımov sonradan Binəqədi rayonunda məskunlaşıb.
1993–2003-cü illərdə Binəqədi rayonunda yerləşən F.İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə təhsil alan Abbas Qasımov, 2003–2007-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasını bitirib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru və hərbi pilotu olan Abbas Qasımov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, döyüşlərin ilk günündə baş leytenant Xalid Gözəlov ilə birlikdə şəhid olub. Hər iki hərbçi Vətən müharibəsinin ilk şəhidləri kimi tarixə düşüb.
Şəhid mayor Abbas Qasımov II Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli olan şəhidimizin iki övladı Vətənə əmanət qalıb.
Abbas Qasımov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin Binəqədi rayonu 6-cı mikrorayon ərazisində onun adını daşıyan küçə mövcuddur.

