Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən universitetləri hədəf alan genişmiqyaslı kiberhücum nəticəsində təxminən 275 milyon insanın şəxsi məlumatlarının oğurlandığı iddia olunur.
“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, hücum məşhur onlayn təhsil platforması olan Canvas üzərindən həyata keçirilib.
Platformanın sahibi olan Instructure şirkətinin yaydığı məlumata görə, hadisə müəllim hesablarından birinin icazəsiz ələ keçirilməsi ilə başlayıb. Hücum aşkar edildikdən sonra sistem müvəqqəti olaraq dayandırılıb və araşdırmalara start verilib.
Sızdırılan məlumatlar arasında istifadəçilərin tam adları, elektron poçt ünvanları, tələbə nömrələri və platforma daxilində göndərilən şəxsi mesajlar yer alır. Şirkət maliyyə məlumatları və şifrələrin oğurlanmasına dair hələlik sübut olmadığını açıqlasa da, mütəxəssislər bu məlumatların saxta şəxsiyyət yaratmaq və maliyyə fırıldaqları üçün istifadə oluna biləcəyini bildirirlər.
Ekspertlər istifadəçilərə şifrələrini dəyişməyi, çoxmərhələli identifikasiya (MFA) sistemini aktivləşdirməyi və şübhəli mesajlara qarşı diqqətli olmağı tövsiyə edirlər.

