Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edəcək.
“Tehsil365” xəbər verir ki, konsertə ansamblın direktor-baş dirijoru Mustafa Aşurov rəhbərlik edəcək.
Konsertin baletmeysteri Ceyhun Qubadov, xormeysteri isə Naala Barateliadır.
Proqramda Azərbaycan milli musiqisinin inciləri, klassik və müasir bəstəkarların əsərləri təqdim olunacaq.
Səhnədə Əməkdar artist Almaz Orucova, ifaçılar Vəfa Vəzirova, Rəvanə Qurbanova, Nurlan Əzizbəyli, Nurlana Abdullayeva və rəqqasə Nigar Mirzəyeva çıxış edəcəklər.
Konsertin məqsədi Azərbaycan milli musiqi və rəqs sənətinin zəngin irsini beynəlxalq auditoriyaya təqdim etmək, ölkənin mədəni dəyərlərini təbliğ etmək və Ümumdünya Şəhərsalma Forumu çərçivəsində mədəniyyətlərarası dialoqa töhfə verməkdir.

