Zərifə Əliyeva adına uşaq bağçasında Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Uşaqların rəngli dünyası” adlı xüsusi rəsm sərgisi təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbir uşaqların intellektual və mənəvi inkişafını dəstəkləmək, eləcə də onların ulu öndərin irsi ilə yaxından tanış olmasını təmin etmək məqsədilə həyata keçirilib.
Sərgidə xüsusi olaraq qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti dövründə uşaqların xoşbəxt gələcəyini, onların sağlam, savadlı və firavan böyüməsini dövlət siyasətinin ən mühüm prioritetlərindən biri kimi dəyərləndirib. Dahi rəhbərin Azərbaycan uşaqlarının rifahı, onların hərtərəfli inkişafı və müdafiəsi istiqamətində atdığı tarixi addımlar bu gün də öz bəhrəsini verməkdədir. Bu kimi tədbirlərin təşkili məhz Ulu Öndərin uşaqlara olan sonsuz sevgisinin və onlara qoyduğu zəngin irsin bariz nümunəsidir.
Sərgidə bağça fidanları öz zəngin təxəyyüllərini, xəyal güclərini və rəngarəng dünyalarını əks etdirən bir-birindən maraqlı və bənzərsiz rəsm əsərləri ilə çıxış ediblər. Balaca rəssamların böyük həvəslə hazırladıqları əl işləri bağça rəhbərliyi tərəfindən xüsusi zövqlə sərgilənərək qonaqların diqqətinə çatdırılıb. Rənglərin harmoniyası, uşaqların saf düşüncələri və fərqli yaradıcı yanaşmaları sərgiyə isti və səmimi bir ab-hava bəxş edib.
Tədbirdə iştirak edən valideynlər övladlarının yaradıcılıq nümunələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Sərgi çərçivəsində valideynlər, uşaqlar və bağça kollektivi birlikdə unudulmaz anlar yaşayaraq, cəmiyyətimizin gələcəyi olan uşaqların inkişafına birgə dəstəyin önəmini bir daha nümayiş etdiriblər.
“Uşaqların rəngli dünyası” sərgisi körpələrin daxili aləminin genişliyini cəmiyyətə çatdırmaqla bərabər, onların sağlam və vətənpərvər ruhda formalaşmasının vacibliyini bir daha ön plana çıxarıb.

