“Ölkədəki məktəblərin 90 faizi son illərdə ya yenidən tikilib, ya da əsaslı təmir olunub”.
“Tehsil365“ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında danışıb.
Nazir bildirib ki, son illərdə dövlət, Heydər Əliyev Fondu və digər tərəfdaşların dəstəyi ilə ölkə üzrə minə yaxın məktəb ya yenidən tikilib, ya da əsaslı təmir olunub.
E.Əmrullayev qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən 4200-ə yaxın məktəbin təxminən 90 faizi son 20 ildə ya təmir edilib, ya da yenidən inşa olunub. Onun sözlərinə görə, bu baxımdan məktəblərin böyük əksəriyyətində vəziyyət qənaətbəxşdir.
Nazir əlavə edib ki, bəzi məktəblərdə hələ də müəyyən problemlər mövcuddur və bu istiqamətdə mərhələli şəkildə iş aparılır. Prioritet əsasən daha böyük məktəblərin təmiri və yenilənməsinə verilir.
“Çünki böyük məktəblərdə daha çox şagird təhsil alır. Təhsil baxımından çalışmışıq ki, daha böyük məktəblərə fokuslanaq”, – deyə nazir vurğulayıb.
Emin Əmrullayev bildirib ki, kiçik məktəblər üçün isə modul tipli məktəblərin tikintisi həyata keçirilir. Onun sözlərinə görə, modul məktəblər qəzalı vəziyyətdə olan məktəblərlə müqayisədə daha yaxşı alternativdir və gələcəkdə həmin məktəblərin də inkişaf etdirilməsi mümkündür.
Nazir qeyd edib ki, bu il ölkənin müxtəlif bölgələrində 100-dən artıq modul tipli məktəbin tikintisi nəzərdə tutulub.
O vurğulayıb ki, bütün məktəblərin eyni vaxtda yenidən qurulması fiziki baxımdan mümkün deyil və bu proses mərhələli şəkildə həyata keçirilir.
“10-15 il əvvəlki məktəblərlə müqayisədə bugünkü məktəblərin vəziyyəti dəfələrlə yaxşıdır. Bu proses davamlıdır və düşünürəm ki, növbəti illərdə də məktəblərin vəziyyəti daha da yaxşılaşacaq”, – deyə nazir əlavə edib.

