Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Abbas Abdulla uzun illər şair, tərcüməçi, alim və diplomat kimi fəaliyyət göstərib.
“Tehsil365” xəbər verir ki, O, həm ədəbi yaradıcılığı, həm də ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan mədəniyyətinə mühüm töhfələr verib.
Abbas Abdulla oğlu Acalov 12 may 1940-cı ildə Kəpənəkçi kəndində anadan olub. Yaradıcılıq fəaliyyətinə gənc yaşlarından başlayan şair müxtəlif dövrlərdə ədəbiyyatşünas, redaktor və tərcüməçi kimi çalışıb.
1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Abbas Abdulla Azərbaycan və dünya ədəbiyyatının inkişafına xidmət edən çoxsaylı əsərlərin müəllifi və tərcüməçisi kimi tanınıb. O, xüsusilə bədii tərcümə sahəsində mühüm fəaliyyət göstərib.
Ədəbiyyat və mədəniyyət sahəsindəki xidmətlərinə görə 1984-cü ildə “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Elə həmin ildə Ukraynanın Maksim Rılski adına ədəbi mükafatını qazanıb.
Abbas Abdulla ictimai-siyasi fəaliyyətlə də məşğul olub. Müxtəlif dövrlərdə siyasi proseslərdə iştirak edib, Müsavat Partiyası Ali Məclisinin üzvü olub. O, 1992–1997-ci illərdə Azərbaycanın İstanbul şəhərində baş konsulu vəzifəsində çalışaraq diplomatik fəaliyyət göstərib.
Görkəmli şair və ictimai xadim 4 sentyabr 2019-cu ildə vəfat edib. Onun zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatında dəyərli irs kimi yaşayır.

