Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan İsi Məlikzadə milli nəsr və dramaturgiyanın inkişafında mühüm rol oynayıb.
“Tehsil365” xəbər verir ki, O, xüsusilə “60-cılar” ədəbi nəslinin görkəmli nümayəndələrindən biri kimi yadda qalıb.
İsi Abbas oğlu Məlikzadə 1 may 1934-cü ildə Ağcabədidə anadan olub. Yaradıcılığa erkən yaşlarından başlayan yazıçı sonralar Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu ilə seçilib.
1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan İsi Məlikzadə əsərlərində cəmiyyətin sosial problemlərini, insan xarakterlərini və mənəvi dəyərləri ustalıqla təsvir edib. O, Azərbaycan ədəbiyyatına yeni qəhrəman tipi gətirən yazıçılardan biri hesab olunur.
Yazıçının əsərləri oxucular tərəfindən maraqla qarşılanıb, müxtəlif tamaşa və ekran işlərinə də mövzu olub. Onun yaradıcılığı Azərbaycan nəsrində realist yanaşması və dərin psixoloji təsvirləri ilə seçilir.
İsi Məlikzadə 12 may 1995-ci ildə Bakıda vəfat edib. O, Azərbaycan ədəbiyyatında zəngin irs qoymuş görkəmli söz ustalarından biri kimi xatırlanır.

