Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli “Ortak Kültür, Ortak Miras Üzerine Sohbet” mövzusunda elmi-mədəni tədbirdə iştirak edib.
“Tehsil365” xəbər verir ki, açılış nitqi ilə çıxış edən Bakı Yunus Emre İnstitutunun koordinatoru Gökhan Seyhan bu cür görüşlərin Türk dünyası xalqları arasında mədəni və elmi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, ortaq mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlığın vacibliyini qeyd edib.
Sonra Cəlal İbrahimli çıxış edib. O, çıxışında bildirib ki, Türk dünyasının qədim irsi yalnız tarixi faktlar toplusu deyil, eyni zamanda fikir, nəsihət və idarəçilik təcrübəsi baxımından zəngin bir mənəvi sistem formalaşdırmışdır. Atalarımız tərəfindən Türk dünyası coğrafiyasına ötürülən bu irs ədalətli idarəçilik, liderlik məsuliyyəti və cəmiyyətə xidmət prinsipləri üzərində qurulmuşdur.
Cəlal İbrahimli çıxışında əlavə olaraq bildirib ki, dünya mədəniyyətlərinin və dillərinin bir qisminin dövlətləşmə prosesində mühüm rol oynamış Türk dünyası coğrafiyası atalarımızın bizə bəxş etdiyi ən böyük mirasdır. Onun sözlərinə görə, bu gün həmin mirasın qorunması və inkişaf etdirilməsində əsas rol türk dövlətlərinin üzərinə düşür.
O, həmçinin söyləyib ki, Türk dünyası mirasının yalnız arxiv materialları əsasında öyrənilməsi ilə kifayətlənmək düzgün yanaşma deyil. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı nəzdində arxeoloqlardan, türkoloqlardan və tarixçilərdən ibarət ixtisaslaşmış bir qurumun yaradılması zəruridir. Belə bir qurumun fəaliyyətə başlaması yeraltında yatan maddi-mədəni irsin sistemli şəkildə tədqiqi, aşkara çıxarılması, qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilmişdir.
Cəlal İbrahimli xüsusilə Orhun-Yenisey abidələrində əks olunan ideyalara diqqət çəkərək bildirib ki, bu abidələr yalnız tarixi mənbə deyil, həm də dövlət idarəçiliyi və ictimai məsuliyyət baxımından mühüm mesajlar daşıyır. O, Bilgə Xanın liderlik və idarəçiliklə bağlı fikirlərinə toxunaraq bu düşüncələrin bu gün də aktuallığını qoruduğunu qeyd edib.
Bununla yanaşı, çıxışda Novruz bayramı Türk dünyasının ortaq mədəni irsinin təcəssümü kimi dəyərləndirilib və bu bayram “Türk dünyası miraslarının toyu” kimi səciyyələndirilib.
Tədbirdə həmçinin EDAMın İdarə Heyətinin sədri Ergün Engin, Gaziantep Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dosent doktor Sadıq Çətin “Ortaq mədəniyyət və ortaq irs çərçivəsində arxivçiliyin yeri və əhəmiyyəti” mövzusunda çıxış ediblər.
Digər məruzələrdə Sernaz Özden “Müdafiə sənayesində ortaq mədəni yaddaş”, Ali Tayyip Engin “Türk dünyasında Novruz və Hıdırellez”, Beyzanur Sarıgül “Türk dünyasını birləşdirən qədim anlatılar”, Merve Deligöz isə “Rəqəmsal İpək Yolu – TRT Avaz ilə ortaq mirasın izində” mövzularında çıxış edərək ortaq mədəni irs məsələlərini müxtəlif aspektlərdən təhlil ediblər.
Tədbir çərçivəsində Türk Dünyası Araşdırmaları Mərkəzi tərəfindən hazırlanmış “Atatürk deyir ki” və “Bilgə Xan sözləri” adlı nəşrlər təşkilatçı qurumlara hədiyyə olunub.
Qeyd edək ki, sözügedən tedbir Yunus Emre Enstitüsü və Erzurum Diplomasi Araştırmaları Merkezinin birgə təşkilatçılığı ilə keçirilib.

