Mayın 8-də Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli Rumıniyanın Petre Andrei Universiteti və İtaliyanın Bari Aldo Moro Universitetinin birgə təşkilatçılığı ilə “Sürətlə dəyişən dünyada universitetlər” mövzusunda keçirilən 4-cü Beynəlxalq Konfransda açılış nitqi ilə çıxış edib.
“Tehsil365” xəbər verir ki, konfransda müxtəlif ölkələrin Rumıniyadakı səfirləri, Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyinin nümayəndələri, İaşi şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin və yerli idarəetmə orqanlarının təmsilçiləri iştirak ediblər. Professor Nurəli Yusifbəyli çıxışında sürətlə dəyişən qlobal mühitdə universitetlərin artan rolundan, ali təhsildə müasir transformasiya proseslərindən, süni intellekt texnologiyalarının tədris və elmi fəaliyyətə inteqrasiyasından, ali təhsil müəssisələri üçün mühüm perspektivlər yaratdığından, həmçinin bilik və bacarıqların inkişafında innovativ yanaşmaların əhəmiyyətindən bəhs edib.
Rektor, eyni zamanda, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və davamlı tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində Sumqayıt Dövlət Universitetinin əməkdaşlığa açıq olduğunu vurğulayıb.
Qeyd edək ki, 8-9 may tarixlərini əhatə edən beynəlxalq konfrans çərçivəsində SDU-nun professor-müəllim heyəti 11 elmi məqalə ilə çıxış edəcək.

