Azərbaycanın flora biomüxtəlifliyinin və bitki örtüyünün tədqiqi sahəsində mühüm elmi nəticələr əldə olunub.
“Tehsil365" xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri professor Elşad Qurbanov söyləyib. Onun sözlərinə görə, uzun müddət Azərbaycanda “səhra” tipli bitki örtüyünün mövcudluğu elmi ədəbiyyatda qəbul edilmirdi. Lakin aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq morfoloji və ekoloji xüsusiyyətlərinə, eləcə də dominant və subdominant növlərinə görə digər bitki tiplərindən fərqlənən “səhra” və “psevdomakki” tiplərinin Azərbaycan Respublikası ərazisində yayıldığı elmi cəhətdən sübuta yetirilib və onlar ölkənin bitki örtüyü xəritəsinə daxil edilib.
Bununla yanaşı, Azərbaycan florası üçün onlarla bitki növünün yeni yayılma arealları və göstəriciləri müəyyən olunub, neft və neft məhsulları ilə çirklənmiş torpaqların biorekultivasiyası ilə bağlı bir sıra elmi-praktik tədbirlər planı hazırlanıb.
Elşad Qurbanov bildirib ki, bu nəticələrin əldə olunmasının əsas səbəbi ölkə ərazisini demək olar tam əhatə edən uzunmüddətli çöl tədqiqatlarıdır. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif bölgələrində aparılan birbaşa müşahidələr yeni növlərin və yayılma areallarının operativ şəkildə müəyyənləşdirilərək elmi ədəbiyyata daxil edilməsinə imkan yaradıb.

