Mayın 12-də Xəzər Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin ev sahibliyi ilə Bakıda “Keçmişin irsi, gələcəyin inşası” mövzusuna həsr olunan III Türk Dünyası Gənc Akademiklərinin Beynəlxalq Konqresinin açılış mərasimi keçirilib.
“Tehsil365" xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Maarif Vəqfi, Yunus Əmrə İnstitutu və Azərbaycandakı Türkiyə Məzunu Ziyalıları və İş Adamları Platformasının dəstəyi ilə təşkil olunan konqres 6 ölkədən 30 universitetin tərəfdaşlığı əsasında reallaşdırılır.
Açılış mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tədbirin Türk dünyasında elmi və mədəni inteqrasiyanın gücləndirilməsi baxımından mühüm platforma olduğunu bildirib. O vurğulayıb ki, daha əvvəl Ankarada və Daşkənddə keçirilən konqreslərin davamı olan bu tədbirin əsas məqsədi Türk dünyasının gənc akademiklərini və universitetlərini bir araya gətirmək, ortaq elmi əməkdaşlıq mühiti formalaşdırmaq, bilik və təcrübə mübadiləsini genişləndirməkdir.
Tədbirdə TİKA-nın Bakı proqram koordinatorunun müavini Kürşat Özdemir, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Gökhan Seyhan, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və digər çıxış edənlər Türk dünyasında ortaq elmi, təhsil və mədəni əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər. Onlar bu kimi tədbirlərin gənc tədqiqatçıların beynəlxalq akademik şəbəkələrə inteqrasiyasını gücləndirdiyini, birgə elmi layihələrin formalaşmasına şərait yaratdığını və türk xalqları arasında mənəvi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib ki, Türk dünyasının ortaq tarix, dil və mədəniyyət ətrafında birləşməsi yalnız siyasi və iqtisadi sahələrdə deyil, elm və təhsil istiqamətində də əməkdaşlığın gücləndirilməsini zəruri edir. Gənc akademiklərin bir araya gəldiyi belə beynəlxalq platformalar gələcəkdə ortaq elmi layihələrin və intellektual əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan da daxil olmaqla 22 ölkədən 156 universitet və qurumu təmsil edən 400-dək alim iştirak edir.
Mayın 13-dək davam edəcək konqres çərçivəsində dil və ədəbiyyat, kommunikasiya, təhsil, mədəniyyət və incəsənət, iqtisadiyyat, sosiologiya, fəlsəfə, psixologiya, hüquq, siyasi elmlər və beynəlxalq münasibətlər, ilahiyyat, idman, təbiət və riyaziyyat elmləri, tarix, mühəndislik və səhiyyə kimi bir çox sahələr üzrə elmi müzakirələr aparılacaq.

