Bakı Dövlət Universitetində (BDU) “Peşəkar gələcəyə doğru körpü” – altıncı ixtisaslaşmış Karyera Sərgisi keçirilir.
BDU-dan “Tehsil365"ə bildirilib ki, tədbirin əsas məqsədi sənaye və aqrar sahələrə maraq göstərən tələbə və məzunları ölkənin aparıcı şirkətləri və müəssisələri ilə bir araya gətirmək, onların əmək bazarına daha uğurlu inteqrasiyasına dəstək verməkdir.
Açılış mərasimində BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, Bakı Dövlət Universitetində fakültə və ixtisas sayı çox olduğundan ixtisaslaşmış karyera sərgilərinin keçirilməsi özünü daha çox doğruldur. Prorektor son illərdə tələbə və məzunların karyera yüksəlişi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində BDU məzunlarının məşğulluq göstəricilərinin 8 faiz artdığını diqqətə çatdırıb. O qeyd edib ki, budəfəki ixtisaslaşmış Karyera Sərgisində ölkənin nüfuzlu sənaye, aqrar, kimya, geologiya müəssisələri öz vakansiya və təcrübə proqramlarını təklif edirlər.
Qeyd edək ki, sərgi çərçivəsində iştirakçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə infosessiya, seminar və təlimlər də təşkil olunacaq.

