Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrinin benefisiarları “IMEC” Beynəlxalq Musiqi Tədris Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və dəstəyi, Heydər Əliyev Fondu, Bakı Media Mərkəzi və “PASHA Holding”in dəstəyi ilə keçirilən “Arzular nöqtəsi” adlı inklüziv musiqili festivalda iştirak ediblər.
“Tehsil365“ xəbər verir ki,bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən festivalda agentliyin 1 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri musiqili tamaşada çıxış edərək, istedad və bacarıqlarını göstəriblər.
Festival çərçivəsində yaradılan yarmarkada isə agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarlarının əl işləri nümayiş olunub.
Mərkəzin 10 benefisiarı tərəfindən 10 müxtəlif istiqamət üzrə ümumilikdə 630 əl işi satışa çıxarılıb. Sərgidə xalçaçılıq nümunələri, muncuqla hazırlanmış bəzək əşyaları və çantalar, rəssamlıq, vitraj boya işləri, dekorativ şamlar, toxunma suvenir oyuncaqlar və digər əl işləri təqdim olunub.
Festival çərçivəsində müxtəlif istiqamətlər üzrə master-klaslar təşkil edilib.
İnklüziv festival cəmiyyətin həssas qruplarına diqqətin artırılması, sosial həmrəyliyin möhkəmləndirilməsi və inklüziv dəyərlərin təşviqi məqsədi daşıyıb.

