7-8 may tarixlərində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyi yanında Uşaqların Müdafiəsi İdarəsinin birgə əməkdaşlığı çərçivəsində Bakıda və regionlarda fəaliyyət göstərən idarə əməkdaşları üçün təlimlər təşkil olunub.
“Tehsil365“ xəbər verir ki, tədbirlər zamanı iştirakçılara uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, kibertəhlükələrdən qorunma yolları, onlayn risklərin müəyyənləşdirilməsi və internetdən təhlükəsiz istifadə qaydaları barədə məlumat verilib. Təlimlərin əsas hədəfi Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşlarının bu sahədə bilik və bacarıqlarını artırmaq, onların məktəblərdə şagirdlər üçün maarifləndirici görüşlər keçirməsinə dəstək olmaqdır.
Tədbirlər “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya”nın 8.8.2.1-ci yarımbəndinə uyğun olaraq uşaqların internetdən təhlükəsiz istifadə imkanlarının gücləndirilməsi və bu istiqamətdə maarifləndirmə fəaliyyətinin intensiv həyata keçirilməsinə xidmət edir.
Bu təşəbbüs çərçivəsində ETX daha geniş auditoriyaya çatmağı, məktəblilərin kibertəhlükələr və onlayn risklər barədə məlumatlılığının artırılmasını, eləcə də təhlükəsiz rəqəmsal davranış vərdişlərinin formalaşdırılmasını hədəfləyir.
Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları üçün təlimlər keçirilib
9812.05.2026 - 17:45

