Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri mayın 8-də Heydər Əliyev Sarayında keçirilən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər.
Konsert proqramında tələbələrin ifasında Ulu Öndərə həsr olunmuş mahnılar səsləndirilib, şeirlər bədii qiraət olunub, müxtəlif rəqs kompozisiyaları təqdim edilib.
Qeyd olunub ki, müsabiqə-festival üç mərhələdən ibarət olub. Birinci mərhələdə respublikada fəaliyyət göstərən 26 ali təhsil müəssisəsində yaradılmış münsiflər heyətlərinin iştirakı ilə seçim turları keçirilib. Bu mərhələdə 2 minə yaxın tələbə iştirak edib, onların arasından seçilən 576 nəfər növbəti mərhələyə vəsiqə qazanıb.
İkinci mərhələdə seçimlər peşəkar münsiflər heyəti tərəfindən aparılıb. Münsiflərin qiymətləndirməsi əsasında final mərhələsinə vəsiqə qazanan iştirakçılar yekun konsertdə çıxış edərək bacarıqlarını nümayiş etdiriblər. Final iştirakçılarının çıxışları Xalq artistləri Gülyanaq Məmmədova, Samir Cəfərov, Təranə Muradova, Əməkdar incəsənət xadimləri Baba Vəziroğlu və Hafiz Quliyev, Əməkdar artist Rəşad Həşimov və ustad tarzən Arslan Növrəslinin də yer aldığı nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Festivalın əsas məqsədinin gənclər arasında bədii yaradıcılığa marağın artırılması, onların mədəni potensialının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərilməsi, eləcə də Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki zəngin irsinin təbliği olduğu bildirilib.
Müsabiqə-festivalın qalibləri yekun konsertin nəticələrinə əsasən müəyyənləşdirilib və qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıblar.

