Mayın 12-də Azərbaycan Dillər Universitetində (ADU) tanınmış politoloq, siyasi elmlər doktoru, professor Ramiz Yunusla görüş keçirilib.
Görüşdə ADU rəhbərliyi, professor-müəllim heyəti, doktorantlar və ictimaiyyət nümayəndələri iştirak edib. ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, professor Ramiz Yunus beynəlxalq siyasət, geosiyasi proseslər və regional münasibətlər sahəsində mühüm araşdırmalar və tədqiqatlar apararaq, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır. Ramiz Yunusun analitik yanaşmaları və zəngin elmi təcrübəsi müasir dünya siyasətində baş verən proseslərin daha dərindən anlaşılmasına imkan yaradır.
Vurğulanıb ki, professor Ramiz Yunus çıxışlarında xüsusilə Cənubi Qafqaz regionunda gedən geosiyasi dəyişiklikləri tutarlı və məntiqi əsaslarla təhlil edərək, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə yönəldir.
Xoş sözlərə və dəvətə görə təşəkkürünü bildirən professor Ramiz Yunus “Qlobal geosiyasi proseslər prizmasından Azərbaycan üçün imkanlar və risklər” mövzusunda çıxış edib. Professor çıxışında dünyada baş verən sürətli geosiyasi dəyişikliklərin region ölkələri üçün yeni reallıqlar yaratdığını, bu reallıqların isə həm imkanlar, həm də müəyyən çağırışlar formalaşdırdığını qeyd edib.
O, qeyd edib ki, Azərbaycan yerləşdiyi strateji mövqe baxımından beynəlxalq enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri və regional əməkdaşlıq platformalarında mühüm rol oynayır.
Tanınmış jurnalist, ictimai xadim Mixail Qusman çıxışında professor Ramiz Yunusun zəngin dünyagörüşündən, siyasi fəaliyyətindən söz açıb. Bildirilib ki, professor Ramiz Yunusun fəaliyyəti beynəlxalq informasiya məkanında Azərbaycanın mövqeyinin düzgün və obyektiv şəkildə təqdim olunmasına mühüm töhfə verir.
Qeyd edilib ki, professorun müxtəlif ölkələrdəki çıxışları və analitik şərhləri regionda baş verən proseslərin daha dərindən anlaşılmasına xidmət edir. Görüş müzakirələrlə davam edib.

