Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aysel Nəhmətova tərəfindən Qafqazşünaslıq III kurs 373A/373B tələbələri üçün “Region (Qafqaz) ölkələrində turizm” fənni çərçivəsində “Ermənistanın turizm regionları. Ermənistan Respublikasının turizm sahəsində dövlət siyasəti” mövzusunda ustad dərs keçirilib. İnteraktiv dərs-seminar formatında təşkil olunan ustad dərsdə Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli, dekan müavini dosent Namiq Kərimov, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri dosent Xatirə Hacıyeva müşahidəçi-ekspert qismində iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, müəllim Aysel Nəhmətova Ermənistanın turizm regionlarının təsvirini verərkən ayrı-ayrılıqda ölkənin turizm regionlarını sadalayıb, regionlar üzrə ixtisaslaşmış turizm növlərini (təbii-coğrafi turizm, tarixi-mədəni turizm, dini turizm, balneoloji turizm, aqro və etnoturizm, ekoturizm, geoturizm və s.) analiz edib. Ermənistanda geoturizmin dərindən mənimsədilməsi məqsədilə əyani dərs vəsaiti kimi obsidian, əqiq, ametist, kalsit, geod, kvars və digər təbii daş nümunələri nümayiş etdirilib, bu əyani materiallar tələbələrdə mövzuya qarşı xüsusi maraq və elmi idrak motivasiyası formalaşdırıb.
Tələbələr dərsdə aktiv iştirak edib, Ermənistan Respublikasının turizm siyasəti, dövlətin turizmin inkişafındakı institusional rolu, həyata keçirilən dövlət strategiyaları və proqramları, xüsusilə “2020–2030 Ermənistan Turizm Strategiyası”, eləcə də dövlət dəstəyi mexanizmləri və investisiya təşviqi tədbirləri seminar ərzində xüsusi müzakirə obyekti olub. Tələbələrdən Fuad Qaçayev, Aysel Əlizadə və Aytac Bəbirova xüsusi aktivlikləri ilə seçiliblər.

