Mayın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsi nəzdində fəaliyyət göstərən Psixologiya və Pedaqogika kafedrasının təşkilatçılığı ilə “Xüsusi təlim ehtiyacları olan tələbələrlə pedaqoji-psixoloji işin təşkili” adlı növbəti tədbir həyata keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Psixologiya və Pedaqogika kafedrasının müdiri dos. İ. M. Məmmədli və kafedra əməkdaşları, Təhsildə xarici dillər kafedrasının müdiri dos. H. A. Hacıyeva, Rus dili və ədəbiyyatı kafedrasının müdiri prof. M. A. Əliyev və kafedra əməkdaşları iştirak ediblər.
Təlimin spikerləri Psixologiya və Pedaqogika kafedrasının baş müəllimi, p.f.d. Samirə Həsənova, müəllim Siddiqə Bəylərova və Bakı Modern Psixoloji Sağlamlıq və Nitq İnkişafı Mərkəzinin müdiri Həcər Soltanova olublar.
Təlim zamanı universitet müəllimlərinin xüsusi təlim ehtiyacları olan tələbələrlə qarşılaşdıqları hallarda onlarla qarşılıqlı sağlam münasibətin qurulması, sağlam mühitin formalaşdırılması və effektiv əməkdaşlığın təşkili kimi məsələlər müzakirə olunub. Bu mövzular çərçivəsində davranış strategiyaları təqdim edilib.
Eyni zamanda xüsusi təlim ehtiyacları olan tələbələrin xüsusiyyətləri və onların qarşılaşdıqları psixoloji baryerlər barədə ətraflı məlumat verilib.

