Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və fransız dilləri fakültəsi nəzdində fəaliyyət göstərən Linqvokulturologiya kafedrası tərəfindən kitab müzakirəsi təşkil edilib.
“Tehsil365” xəbər verir ki, Linqvokulturologiya kafedrasının əməkdaşları may ayı üçün seçilmiş kitab müzakirəsində Somerset Moyemin “The Unconquered” əsərini linqvokulturoloji aspektdən təhlil ediblər.
Müzakirə əsərdə yer almış milli kimlik, mədəni yaddaş və mənəvi müqavimət kimi mövzuları əhatə edib. Əsərin qəhrəmanlarının davranışları, nitq xüsusiyyətləri və dəyərlər sistemi fərqli mədəniyyətlərin qarşılaşması fonunda araşdırılıb, dil və mədəniyyət arasındakı qarşılıqlı əlaqənin insan münasibətlərinə təsiri geniş şəkildə şərh edilib.
Müzakirədə həmçinin müharibənin mədəni dəyərlərə və insan psixologiyasına təsiri əsas mövzulardan biri olub. Əsərdə təqdim edilən mədəniyyətlərarası qarşıdurma, fərqli dünyagörüşlərinin toqquşması və siyasi münasibətlər iştirakçılar tərəfindən sosial-mədəni kontekstdə təhlil edilib. Qeyd olunub ki, müəllif müharibənin yalnız fiziki dağıntılar yaratmadığını, eyni zamanda insanların mənəvi dünyasına, milli identikliyinə və etik prinsiplərinə də ciddi təsir göstərdiyini bədii şəkildə nümayiş etdirib.

