Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Yüksəliş” müsabiqəsi tərəfindən “Məclisi-Yüksəliş” tədbiri təşkil edilib.
Müsabiqənin işçi qrupundan “Tehsil365” ə bildirilib ki, tədbir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evində və “Miras” istirahət mərkəzində keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Sahib Məmmədov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev, müsabiqənin qalibləri və işçi qrupunun üzvləri iştirak ediblər.
Tədbirin ilk günü Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “İz” sənədli filminin nümayişi olub.
İki gün davam edən tədbir çərçivəsində iştirakçılar müxtəlif görüşlərdə, interaktiv tapşırıqlarda və mədəni proqramlarda bir araya gəliblər. Proqram müddətində Milli Məclis sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, görkəmli siyasi xadim, tarixçi-alim, professor Həsən Həsənov, Xalq şairi Ramiz Rövşən və “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov ilə görüşlər keçirilib. Görüşlər zamanı qonaqlar iştirakçılarla zəngin peşəkar təcrübələrini, liderlik, milli dəyərlər, mədəni irs və komanda ruhu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin mədəni proqramında Azərbaycanın Əməkdar incəsənət xadimi Aqil Məlikov və muğam triosunun ifasında muğam axşamı təqdim olunub.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da Sərəncam imzalanıb.

