AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Rübabə Şirinovanın “XIII əsr ilahiyyat abidəsi: “əl-Viqayə” əsəri” mövzusunda mühazirəsi dinlənilib.
İnstitutdan “Tehsil365” ə bildirilib ki, Bakı Dövlət Universiteti və Bakı Slavyan Universiteti tələbələrinin, o cümlədən “Könüllülük” layihəsi iştirakçılarının qatıldığı seminarda alim XIII əsrin mühüm və klassik əsərlərindən biri olan “əl-Viqayə” haqqında, bu əsərə yazılmış şərhlər, haşiyələr, təliqlər, əsərin türk, fars və rus dilində olan tərcümələri barədə ətraflı məlumat verib. Seminar çərçivəsində tələbələrə Əlyazmalar İnstitutunun fondunda saxlanılan ərəbdilli əlyazma nüsxələrindən nümunələr göstərilib.
Tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

