Bakı Dövlət Universitetinin (BDU) “Zəfər tarixi” lektoriyasında Jurnalistika fakültəsinin I kurs ingilis bölməsinin tələbəsi Turqut Ansarinin “Qalibiyyət dastanı” kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə “Tehsil365” ə BDU-dan məlumat verilib.
Fakültənin dekan müavini Samir Xalidoğlu kitabın ideya yükü və gənc müəllifin yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Qarabağ mövzusu Azərbaycan cəmiyyətinin yaddaşında xüsusi yer tutur və belə əsərlərin gənclər tərəfindən yazılması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Kafedra müdirləri - professor Cahangir Məmmədli, dosent Xatirə Hüseynova və digər müəllimlər çıxışlarında gənc yaşda belə bir mövzuya müraciət etməyin böyük məsuliyyət və Vətən sevgisinin göstəricisi olduğunu vurğulayıblar.
Müəllif Turqut Ansari kitabın yazılma prosesi barədə məlumat verib. O bildirib ki, əsəri ərsəyə gətirməkdə əsas məqsədi Qarabağın tarixini və Azərbaycanın qazandığı böyük zəfəri gənc nəslə çatdırmaq olub. Kitab üzərində işləyərkən müxtəlif tarixi mənbələrdən, araşdırmalardan və müharibə iştirakçılarının xatirələrindən istifadə edilib.
Sonda müəllif imzalı kitablarını tədbir iştirakçılarına təqdim edib.
Kitabın ön sözünün müəllifi Jurnalistika fakültəsinin dekanı professor Vüqar Əliyevdir.

