Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Aİİ-dən “Tehsil365"ə bildirilib ki, tədbirin təşkil olunmasında məqsəd gənclərin dini radikalizm, ekstremizm və onun doğurduğu təhlükələr barədə məlumatlandırılması, sağlam dini düşüncənin təşviq edilməsidir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru dosent Aqil Şirinov “Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları” mövzusunda məruzə ilə çıxış edib. Dini radikalizmin cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs edən rektor bildirib ki, belə ideologiyalar dini dəyərlərin mahiyyətindən uzaq interpretasiyalar əsasında formalaşır və bu cür yanaşmalar həm dini, həm də ictimai sabitliyə ciddi təhdid yaradır.
A. Şirinov radikalizmin tarixi təzahürləri, ilk hicri əsrlərdə İslam dünyasında meydana çıxmış ekstremist dini qruplar, müasir dövrdə belə topluluqların yenidən dirçəlişinə təsir göstərən amillər, xarici ideoloji mərkəzlərin təsir mexanizmləri barədə ətraflı məlumat verib.
Aİİ rektoru bildirib ki, dini radikalizmlə mübarizədə hüquqi nəzarət, dini maarifləndirmə və milli kadr potensialının formalaşdırılması, koordinasiyalı fəaliyyət mühüm rol oynayır.
A. Şirinov Aİİ-də tələbələrin milli-mənəvi dəyərlərə bağlı, sağlam dini düşüncəyə malik, müasir çağırışlara cavab verə biləcək mütəxəssislər kimi yetişdirilməsi istiqamətində sistemli iş aparıldığını vurğulayıb. Qeyd edib ki, institutda həyata keçirilən tədris və maarifləndirmə fəaliyyəti gənclərin radikal təsirlərdən qorunmasına, dinin düzgün və elmi əsaslarla öyrənilməsinə xidmət edir.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə sektorunun baş məsləhətçisi Dilşad Nuriyeva və Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər sektorunun böyük məsləhətçisi Turan Kərimzadə çıxış edərək gənclər arasında dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıblar. Onlar tədbirin təşkilinə və göstərilən dəstəyə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, Xətai rayonundan olan gənclər və Aİİ-nin tələbələri iştirak ediblər.

