Tanınmış bəstəkar, Xalq artisti Eldar Mansurov “Məktəbdə...” layihəsinin qonağı olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada keçirilib.
Bu barədə “Tehsil365"ə BŞTİ-dən məlumat verilib.
Görüşdə sənətkar məktəb illərinə qayıdaraq vaxtilə oxuduğu təhsil ocağı ilə bağlı xatirələrini bölüşüb, müəllimlərinin həyatında və yaradıcılığında oynadığı mühüm roldan danışıb.
Eldar Mansurov uşaqlıq illərindən musiqiyə olan marağından söz açıb, musiqinin insanın estetik zövqünün formalaşmasına təsirindən bəhs edib. O, musiqinin yalnız sənət növü deyil, həm də insanın mənəvi dünyasını zənginləşdirən mühüm tərbiyə vasitəsi olduğunu vurğulayıb. Qonaq çıxışında şagirdlərə kitab oxumağı, klassik musiqi əsərlərimizi, dahi bəstəkarların yaddaşlarda yaşayan mahnılarını dinləməyi tövsiyə edib.
Xalq artisti mahnıların əbədiyaşarlıq qazanmasına təsir edən amillərdən danışıb, gənclərin musiqi seçimləri və zövqləri barədə şagirdlərlə fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb.
Daha sonra şagirdlərin ifasında Eldar Mansurovun müəllifi olduğu mahnılar təqdim olunub.
Sonda qonaq bu səmimi görüşün onun yaddaşında gözəl xatirə kimi qalacağını söyləyib.
“Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

