University of Nottingham universitetində maliyyə çətinlikləri səbəbindən minlərlə əməkdaşın işdən çıxarılma riski ilə üzləşdiyi bildirilib. Universitet rəhbərliyi artan büdcə kəsiri və beynəlxalq tələbə sayında müşahidə olunan azalma fonunda təxminən 2,700 əməkdaşın iş yerlərinin risk altında olduğunu açıqlayıb.
“Tehsil365" xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə xarici tələbələrdən əldə olunan gəlirlərin azalması universitetin maliyyə vəziyyətinə ciddi təsir göstərib. Son illərdə Böyük Britaniyada tələbə vizası və immiqrasiya qaydalarının sərtləşdirilməsi bir çox universitet kimi Nottingham universitetində də beynəlxalq tələbə qəbulunun azalmasına səbəb olub.
Universitet rəhbərliyi hazırda xərclərin azaldılması və maliyyə sabitliyinin qorunması üçün müxtəlif tədbirlər üzərində işlədiklərini qeyd edib. Akademik heyət və həmkarlar ittifaqları isə mümkün ixtisarların təhsil keyfiyyətinə və universitet fəaliyyətinə mənfi təsir göstərə biləcəyindən narahat olduqlarını bildiriblər.
Təhsil ekspertlərinin fikrincə, Böyük Britaniyada bir sıra universitetlər oxşar maliyyə təzyiqləri ilə qarşılaşır və beynəlxalq tələbələrdən asılılıq ali təhsil sektorunda əsas problemlərdən birinə çevrilib.

