Mayın 12-də Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində fəaliyyət göstərən Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının f.f.d., dosent Samirə Məmmədovanın təşkilatçılığı ilə “Postkolonial ədəbiyyatda qadın kimliyi” mövzusunda elmi seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, seminarda S. Məmmədova postkolonial ədəbiyyatın yaranma tarixi, onun ədəbiyyatşünaslıqda aparıcı rolu, həmçinin imperiya və müstəmləkə münasibətlərinin fərdi kimliklərə təsiri barədə çıxış edib. O, qadınların bu sistemdə yalnız kolonial deyil, eyni zamanda yerli patriarxal münasibətlərin də təsiri altında qaldığını, nəticədə kimliyin parçalanması və əzilməsi kimi problemlərlə üzləşdiyini qeyd edib. S. Məmmədova əlavə edib ki, postkolonial ədəbiyyat qadın kimliyini yalnız təsvir etmir, həm də onu sorğulayan və yenidən dəyərləndirən bir diskursa çevirir.
Seminarın praktik hissəsində magistr tələbələri N. Nəsibzadə, N. Bəkirova, N. Əliyeva və N. Ağayeva tərəfindən postkolonial ədəbiyyatda qadın kimliyi mövzusunu əks etdirən müəlliflərin məşhur əsərləri təqdim olunub. Təqdim olunan əsərlər sırasında “Geniş Sarqasso dənizi”, “Analığın sevincləri”, “Qum övladı” və “Gərgin vəziyyətlər” yer alıb. Təqdimatlar mövzunun müxtəlif aspektlərinin daha geniş müzakirəsinə şərait yaradıb.
S. Məmmədova bu əsərlərin qadın kimliyinin formalaşması ilə yanaşı, onun uğrunda aparılan mürəkkəb və davamlı mübarizənin əhəmiyyətini vurğulayıb.
Tədbirin qonağı, İngilis dilinin üslubiyyatı kafedrasının f.e.d., dosent Aytən Allahverdiyeva çıxış edərək bu kimi elmi seminarların mütəmadi keçirilməsinin vacibliyini qeyd edib.
Daha sonra kafedranın baş müəllimi, f.f.d. Turan Kərimli ədəbiyyat vasitəsilə öz səslərini dünyaya çatdırmağa çalışan Afrika xalqlarının qadın nümayəndələri barədə çıxış edib.
Tədbirin sonunda Filologiya fakültəsinin dekanı, f.f.d., dosent Aynur Budaqova təşəkkür nitqi ilə çıxış edib.

