Mayın 13-də Azərbaycan Dillər Universitetində (ADU) tanınmış politoloq, siyasi elmlər doktoru, professor Ramiz Yunusla keçirilən ikinci görüş qlobal geosiyasi münasibətlər sistemində Azərbaycan üçün imkanlar və risklər mövzusunu əhatə etdi.
“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, akademik Kamal Abdulla qonaq politoloqu salamlayaraq bu görüşün universitet üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ramiz Yunislə bir gün əvvəl keçirilən görüşün böyük maraq doğurduğu vurğulayan rektor bugünkü tədbirin də iştirakçılar üçün yaddaqalan və faydalı olacağına əminliyini ifadə edib.
Görüşdə geniş məruzə ilə çıxış edən professor Ramiz Yunis müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərdən, qlobal güc mərkəzləri arasında yeni siyasi düzən uğrunda aparılan mübarizədən danışıb. Azərbaycanın geosiyasi mövqelərinə xüsusi diqqət ayıran natiq ölkənin yerləşdiyi coğrafi məkanın mühüm strateji üstünlüklər yaratdığını qeyd edib. Onun fikrincə, mövcud coğrafi üstünlüklər düzgün siyasi və iqtisadi strategiya vasitəsilə regional təsir imkanlarına çevrilməlidir.
Professor Ramiz Yunis məruzəsində Türkmənçay müqaviləsindən başlayaraq Azərbaycanın tarixində baş verən mühüm geosiyasi prosesləri ətraflı təhlil edib. Politoloq, həmçinin, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni siyasi reallıqlara toxunaraq Azərbaycanın əldə etdiyi qələbənin dövlətimiz üçün mühüm strateji imkanlar açdığını diqqətə çatdırıb. O bildirib ki, Vətən müharibəsində qazanılan Zəfər yalnız ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmayıb, eyni zamanda, milli həmrəyliyin və ictimai birliyin daha möhkəmlənməsinə səbəb olub.
Məruzəçi qeyd edib ki, dünyanın yeni siyasi düzəni hələ tam formalaşmayıb və bu mərhələdə həm risklər, həm də imkanlar paralel şəkildə mövcuddur. Müasir dövrdə ən böyük təhlükə xarici təhdidlərdən daha çox, mövcud imkanlardan səmərəli istifadə edə bilməməkdir.
Tədbirin sonunda geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Rektor aktual geosiyasi məsələlərin dərin elmi-siyasi təhlilinə görə Ramiz Yunisə təşəkkürünü bildirib və bu cür görüşlərin universitet mühitində intellektual diskussiyaların inkişafına mühüm töhfə verdiyini qeyd edib.

