Bakı Dövlət Universitetində (BDU) Ədliyyə Nazirliyinin təşəbbüsü ilə tələbə və məzunlar üçün “Ədliyyə orqanlarında karyera imkanları” mövzusunda infosessiya keçirilib.
Universitetdən “Tehsil365” ə bildirilib ki, tədbirin əsas məqsədi gəncləri ədliyyə orqanlarında mövcud karyera perspektivləri, işə qəbul prosedurları, peşəkar inkişaf imkanları və könüllülük proqramları barədə ətraflı məlumatlandırmaq, onların dövlət qulluğuna marağını artırmaq olub.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, universitetdə həyata keçirilən bu kimi təşəbbüslər tələbə və məzunların əmək bazarının tələblərinə uyğun kompetensiyalar qazanmasına, onların rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir. Tələbələrin dövlət qurumlarının fəaliyyəti, işə qəbul prosedurları, praktiki fəaliyyət mexanizmləri və karyera imkanları ilə yaxından tanış olması onların peşəkar inkişafına müsbət təsir göstərir.
Əliş Ağamirzəyev BDU-nun Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə imzaladığı əməkdaşlıq müqaviləsinin və Fəaliyyət Planının uğurla icra olunduğunu bildirib, BDU tələbələrinin Xidmətin fəaliyyət sahələri üzrə effektiv könüllülük fəaliyyəti göstərdiklərini diqqətə çatdırıb.
Sonra Probasiya Xidmətinin rəisi Vüqar Ağayev probasiya sisteminin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O bildirib ki, müasir dövrdə probasiya xidmətinin əsas məqsədi yalnız nəzarət funksiyasını həyata keçirmək deyil, şəxslərin sosial adaptasiyasına dəstək olmaq, onların cəmiyyətə reinteqrasiyasını təmin etməkdir. Vüqar Ağayev çıxışı zamanı sosial işçilərin və psixoloqların probasiya prosesində mühüm rol oynadığını xüsusi vurğulayıb.
İnsan resursları idarəsinin rəisi Cahangir Hacıyev çıxışında Ədliyyə Nazirliyində insan kapitalının inkişafına xüsusi önəm verildiyini bildirib. O, tələbə və məzunlara dövlət qulluğunda karyera imkanları, işə qəbul prosedurları, peşəkar inkişaf mərhələləri və əmək fəaliyyətində tələb olunan bacarıqlar barədə ətraflı məlumat verib.
İcra xidmətinin rəis müavini Yaqub Qurbanov çıxışında mövcud qanunvericilikdəki dəyişikliklər barədə məlumat verib. O bildirib ki, məhkəmə qərarlarının icrası hüquq sisteminin mühüm tərkib hissəsidir və bu istiqamətdə son illərdə mühüm islahatlar həyata keçirilib. Əgər əvvəllər icra məmurları vəzifəsinə yalnız Hüquq fakültəsinin məzunları qəbul edilirdisə, hazırda istənilən fakültənin məzunu bu vəzifəyə qəbul edilə bilər. Həmçinin son vaxtlar rəqəmsallaşma və avtomatlaşdırma prosesləri icra mexanizmlərinin daha çevik və şəffaf həyata keçirilməsinə şərait yaradır.
“Ədliyyə Könüllüləri” İctimai Birliyinin sədri Cavad Cavadlı könüllülük proqramları barədə geniş təqdimat edib. O bildirib ki, könüllülük fəaliyyəti gənclərin peşəkar inkişafında mühüm rol oynayır. Könüllülük proqramları iştirakçılara real iş mühiti ilə yaxından tanış olmaq, mentor dəstəyindən yararlanmaq, fərdi inkişaf planları hazırlamaq və müxtəlif layihələrdə iştirak etmək imkanları yaradır.
Tədbirin sonunda tələbə və məzunları maraqlandıran suallar cavablandırılıb, onlarla geniş fikir mübadiləsi aparılıb.

