Gəncə Dövlət Universitetinin (GDU) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Oxu, araşdır, kəşf et” adlı kitab sərgisi təşkil olunub. Sərgidə universitetin rektoru Yusif Yusibov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Universitetdən “Tehsil365” in bölgə müxbirinə verilən məlumata görə, layihənin əsas məqsədi tələbə və əməkdaşlar arasında mütaliəyə marağın artırılması, universitetin elektron kitabxanasının imkanlarının tanıdılması, eləcə də kitab mübadiləsi mədəniyyətinin təşviq edilməsidir.
Tədbir çərçivəsində GDU-nun elektron kitabxanasından istifadə qaydalarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Bununla yanaşı, elmi nəşrlər, monoqrafiyalar və bədii ədəbiyyat nümunələri oxucuların diqqətinə çatdırılıb.
Tədbirin maraq doğuran hissələrindən biri “Kitab paylaş, bilik qazandır” adlı kitab ianə qutusunun yaradılması olub. Bu təşəbbüsə qoşulan tələbə və müəllimlər kitab fonduna çoxsaylı nəşrlər hədiyyə ediblər.
“Oxu, araşdır, kəşf et” layihəsi universitetdə oxu mədəniyyətinin inkişafına, informasiya resurslarından istifadənin genişləndirilməsinə və kitabxana xidmətlərinin daha yaxından tanıdılmasına töhfə verir. Tədbirə, həmçinin Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi müxtəlif kitab nümunələri ilə dəstək göstərib.
Qeyd edək ki, yaxın günlərdə universitetin bütün tədris korpuslarında kitab sərgisinin təşkil olunması nəzərdə tutulur

