Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi sahəsində elmi tədqiqatlara ilk dəfə 2003-cü ildə başlanılıb. Bu istiqamətdə aparılan fəaliyyət nəticəsində sahə üzrə kitablar və monoqrafiyalar nəşr edilib. Hazırda həmin elmi və tədris materiallarından ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur. Eyni zamanda, proqram mühəndisliyi üzrə fəlsəfə doktorluğu proqramı çərçivəsində elmi kadr hazırlığı həyata keçirilir.
Bu barədə “Tehsil365” ə açıqlamasında institutun şöbə müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov məlumat verib. O qeyd edib ki, indiyədək proqram mühəndisliyi sahəsində 200-dək elmi məqalə və tezis, o cümlədən nüfuzlu beynəlxalq jurnallarda məqalələr çap olunub.
Alim vurğulayıb ki, 2025-ci ildən etibarən ali təhsil müəssisələrində proqram mühəndisliyi ixtisası üzrə kadr hazırlığına başlanılması bu sahənin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda proqram mühəndisliyi milli prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Strategiya ölkədə milli proqram sənayesinin inkişafına, innovativ texnologiyaların tətbiqinə və texnoloji müstəqilliyin gücləndirilməsinə xidmət edir.

