Müasir dövrün ictimai-mədəni və iqtisadi dinamikləri fərdin cəmiyyətdəki statusunu birbaşa onun uğur və nailiyyət göstəriciləri ilə əlaqələndirir. Lakin bu meyar fərd üzərində daimi bir psixoloji təzyiq mexanizminin formalaşmasına zəmin yaratmışdır.
Qlobal rəqabət mühiti və qüsursuzluq axtarışı standartlarının yüksəlməsi nəticəsində uğur artıq sadəcə fərdi razılıq vasitəsi deyil, qorunub saxlanılması vacib olan ağır bir sosial yükə çevrilmişdir. Bu kontekstdə, qazanılan uğurların daxili qabiliyyətlərlə deyil, təsadüfi faktorlarla izah edilməsi meyili yəni imposter, özünü başqası kimi qələmə vermə, müasir psixologiyanın ən aktual tədqiqat obyektlərindən biri kimi ön plana çıxır.İmposter sindromunun tədqiqi bir neçə fundamental səbəbdən böyük əhəmiyyət kəsb edir.Bunlardan biri də psixoloji sağlamlığın qorunmasıdır.Bu sindrom xroniki təşviş, depressiv meyillər və peşəkar tükənmə ilə birbaşa qarşılıqlı əlaqə təşkil edir.Peşəkar potensialın reallaşdırılması, ifşa olunma qorxusu fərdlərin yeni çağırışlardan imtina etməsinə və şəxsi bilik və bacarıqlarını daxili tərəddüdlərinə qurban verməsinə səbəb olur.
Keçmiş dövrlərdə qazanılan nailiyyətlər fərd üçün əsas ruhlandırıcı qüvvə və irəliyə doğru stimul mənbəyi kimi çıxış edirdi, lakin müasir dövrdə uğur anlayışının fərd üzərindəki psixoloji təsiri forma dəyişikliyinə uğrayaraq daha çox gərginlik yaradan bir amilə çevrilmişdir. Hazırda yüksək uğurlar əldə etmiş şəxslərdə bu nailiyyətlər özü ilə bərabər hər an saxtakar kimi tanınmaq narahatlığını və daxili yetərsizlik duyğusunu da gətirir.
Akademik və peşəkar resursların itirilməsi də vacib məqamlardan hesab olunur. İmposter sindromu fərdin malik olduğu bilik və bacarıqların, eləcə də iş mühitindəki imkanların səmərəsiz qalmasına gətirib çıxarır. Bu daxili narahatlıqdan əziyyət çəkən insanlar öz imkanlarını tam üzə çıxarmaqdan ehtiyat edir və peşəkar yüksəlişi perspektiv deyil, daha çox hər an ifşa oluna biləcəkləri bir təhlükə kimi görürlər. Nəticədə şəxs öz zehni gücünü və yaradıcılığını inkişafa yönəltmək əvəzinə, daxili tərəddüdlərinə uduzaraq yerində saymağa başlayır ki, bu da həm fərdin, həm də çalışdığı sahənin gələcək potensialını ciddi şəkildə məhdudlaşdırır.
Müasir dövrdə bu sindromun aktuallığının əsas səbəbləri olaraq rəqabətli iş mühiti, yüksək karyera hədəfləri və daim yenilənən texnologiyalar, insanların özlərini kifayət qədər “yetərli” hiss etməməsinə səbəb olan məsələlər göstərilir,həmçinin sosial medianın da təsiri danılmaz faktordur.Başqalarının yalnız uğurlu anlarını görmək, özünəməxsusluğu və nailiyyətləri kiçiltməyə gətirib çıxarır.
Digər səbəblərdən biri kimi akademik və peşəkar təzyiqi nümunə göstərmək olar. Yüksək akademik nailiyyətlər və iş həyatındakı tələblər, mükəmməllik axtarışı stress və təşviş yaradaraq bu sindromu gücləndirir.
Bu sindromun başqa bir yaranma səbəbinə özgüvən əskikliyi aiddir. İnsanların öz bacarıqlarına şübhə ilə yanaşması və uğurlarının səbəbini sadəcə “şans” və ya “çox çalışmaq” olaraq görmələri buna aiddir
“İmposter sindromu” fərdin obyektiv uğurlu nailiyyətləri olmasına baxmayaraq özünü aşağı qiymətləndirməsi və ya bacarıqsız yə saxtakar kimi hiss etməsi ilə xarakterizə olunan psixoloji fenomendir. Bu sindrom zamanı əldə etdiyi uğurları öz daxili qabiliyyət və keyfiyyətləri ilə əlaqələndirməkdə çətinlik çəkir onları daha çox şans , təsadüf kimi xarici amillərlə izah edir . Bu baxımdam imposter sindromlu şəxslərdə koqnitiv təhriflər və qeyri adekvat özünü qiymətləndirmə qabarıq şəkildə özünü göstərir .
Elmi araşdırmalara, əsasən, imposter sindromunun yaranması çoxfaktorlu xarakter daşıyır. Ən əsas təsir edici amil kimi ailə mühiti və onların gözləntiləri göstərilir . Uşaqlıq vaxtı valideynlərin həddən artıq tənqidi yanaşması və ya tam əksinə qeyri- adekvat gözləntilərlə onda daima özünü sübut etmə ehtiyacının yaranmasına səbəb ola bilir . Əlavə təsir edici amillər kimi isə sosial mühit gözləntilərini qarşılamaq və şəxsin öz daxili xüsusiyyəti meyli də göstərilir. Həmçinin, perfeksionizm də imposter sindromunun yaranmasında rol oynayan psixoloji mexanizmdir. Perfeksionist şəxslər yalnız ən üstün hesab etdiklərini qəbul edir, digərlərini isə tamamilə öz bacarıqsızlıqlarının nəticəsi adlandırırlar. Yeni sosial, ya da peşəkar mühitə daxil olmaq da bu sindromu aktivləşdirə bilər, çünki fərd özünü həmin mühitdə təsdiqləmədiyi müddətcə özünü ora aid hiss etməyə bilər.
İmposter sindromunun əsas xüsusiyyətləri olaraq, öz potensialına davamlı şübhə, ifşa olunma qorxusu, uğurların inkarı və yüksək səviyyəli narahatlıq qeyd olunur. Həmin şəxslərdə tez- tez “məni ifşa edəcəklər”, “mən bura layiq, potensiallı biri deyiləm” kimi fikirlərin olması onlarda stressi artırır onların emosional vəziyyətinə mənfi təsir göstərir .Tədqiqatlar göstərir ki, imposter sindromu depressiya, psixoloji gərginlik və stresslə də əlaqəlidir.Eyni zamanda, bu şəxslərin uğurlu olmasına baxmayaraq daxili məmnunluq hissi də çox aşağı olur.
Araşdırmalara əsasən, daha çox yüksək nailiyyətləri olan şəxslərdə imposter sindromuna rast gəlinib.Bele paradoksal vəziyyət həmin şəxslərin özlərinin də özlərinə qarşı tənqidi yanaşması və hər daim daha yüksək standarta çatma arzusunda olmaları ilə izah olunur. Uğur səviyyəsi artdıqca məsuliyyət və gözləntilər də artır, bu da özünü yetərsiz hiss etmə ilə nəticələnə bilir. Bunlardan əlavə, peşəkar mühitdə akademik rəqabətin yüksək olması və sosial müqayisələr sferasındakı intensivlik fərdin özünü hər daim başqaları ilə müqayisə etməsinə və nəticə etibarı ilə özünü aşağı qiymətləndirməsi ilə nəticələnməsinə səbəb ola bilər. Bu səbəbdən, imposter sindromu, əsasən, tələbələr ,akademik yüksək nəticə göstərən şəxslər arasında daha geniş yayılıb.İmposter sindromu şəxsin daxili psixoloji struktru və xarici sosial mühitlə əlaqələrini nəticəsində formalaşan kompleks bir fenomendir.Onun öyrənilməsi həm fərdi psixoloji rifahın qorunması, həm də akademik və peşəkar fəaliyyətdəki performansdakı effektivliyin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Perfeksionizm həyatın bir sıra sahələrində, yəni münasibətlərdə, sağlamlıqda, nailiyyətlərdə geniş təsirə malikdir.Müasir cəmiyyət mükəmməl olmağa can atır və bunu uğurun ən güclü göstəricisi kimi qəbul edir.Xüsusəndə, məktəb dövründə mükəmməlliyə can atmaq təşviq olunur.Nəticə etibarilə, gənclərin çoxu yüksək nailiyyətlər üçün mükəmməl olmalarına dair bir inanca sahib olmağa meyillidirlər.
Son on ildə perfeksionizm daha çox diqqət çəkən bir məsələdir və son 29 ildə gənclər arasında perfeksionizm davamlı olaraq artmışdır. Bu, qüsursuzluq axtarışı və çox yüksək performans səviyyələrinin qurulması, həddindən artıq tənqidi özünüqiymətləndirmə ilə xarakterizə olunan şəxsiyyət meyli kimi müəyyən edilir.Perfeksionist insan özünü təkcə tapşırığın həll edilməsindən sonra qazanılan uğurla deyil, həm də başqa insanların təsdiqilə dəyərləndirir.Perfeksionizm ümumiyyətlə arzuolunan bir xüsusiyyət kimi qəbul olunur.Üstünlüyünü nümayiş etdirmək istəyi, davranışlarını daha yaxşı hala və daha yüksək akademik məqsədlərə istiqamətləndirən mükəmməlliyyə can atan şəxslərin xüsusiyyətləridir.Buna görə də, daha yüksək mükəmməllik balları daha yüksək özünəinam və daha yaxşı təhsil nisbətləri ilə bağlıdır.Ayrı bir müzakirə, yüksək perfeksionizm göstərən şəxslərin özünə qoyduğu standartlar həddindən artıq olduqda uğuru təhlükə altına ala bilərlər. Narahatlıq və perfeksionizm səviyyəsi həddindən artıq olduqda şəxsin fəaliyyəti aşağı düşür.Bu hal, xüsusəndə, şəxsin nəzarətindən kənar olarsa, arzu olan bir hal baş verməz. Perfeksionist fərdlər mütləq dixotomik "hər şey və ya heç nə" düşüncə tərzinə və səhvlərdən qaçmaq istəyinə əsaslanan idrak üslubunu mənimsəyirlər ki, bu da psixoloji problemlərə artan meyl və zəif müsbət psixoloji funksiya ilə əlaqələndirilir.Araşdırmalara əsasən, gözləntiləri doğrultmamaqla əlaqədar yaranan dəyərsizlik hissləri və sərt özünütənqid daha zəif uyğunlaşmaya və mənfi emosional vəziyyətlərə səbəb olur. [1]
Ənənəvi olaraq, perfeksionizm psixoloji uyğunlaşma pozuntusunun əlaməti kimi qəbul edilmişdir.Çünki depresiyya və narahatlıq üçün müalicəyə ehtiyacı olan şəxslər çox hallarda yüksək səviyyəli perfeksionizm göstərirlər.
Perfeksionizm çox vaxt imposter fenomeninin əsas risk faktorlarından biri kimi göstərilir. Bunun səbəbi, insanın özünü qiymətləndirərkən həddindən artıq yüksək və reallıqdan uzaq standartlar qoymasıdır. Bu cür insanlar hər şeyi ideal şəkildə yerinə yetirməyə çalışır. Bu, amma praktik olaraq mümkün olmadığı üçün istədikləri səviyyəyə çata bilməyəndə özlərini ümumi şəkildə uğursuz kimi görməyə başlayırlar.
Araşdırmalar göstərir ki, perfeksionizmin bütün formaları imposter hissləri ilə eyni dərəcədə əlaqəli deyil. Xüsusilə “perfeksionist narahatlıqlar” adlandırılan tərəf, yəni səhv etmək qorxusu, öz davranışlarına qarşı daimi şübhə və başqalarının gözləntilərini qarşılamamaqla bağlı gərginlik imposter sindromu ilə çox güclü bağlıdır. Hill və başqaları bunu özünüqiymətləndirmə perfeksionizmi adlandırır. Digər tərəfdən, sadəcə yüksək nəticələrə çatmaq istəyi bu fenomenlə ya çox zəif əlaqəlidir, ya da ümumiyyətlə əlaqə göstərmir, xüsusilə də narahatlıq komponenti nəzərə alınmadıqda.
İmposter sindromu kontekstində perfeksionizm təkcə yüksək standartlar qoymaqla məhdudlaşmır, eyni zamanda o, davranış və düşüncə səviyyəsində özünü davamlı şəkildə gücləndirən bir mexanizm yaradır.
Bu prosesdə fərdlər qiymətləndirmə ilə bağlı vəziyyətlərdə adətən iki istiqamətdən birinə yönəlir, ya həddindən artıq hazırlıq görür, ya da işi gecikdirirlər.Həddindən artıq çalışaraq əldə olunan uğur, çox vaxt daxili qabiliyyətin göstəricisi kimi deyil, yalnız sərf olunan qeyri-adi zəhmətin nəticəsi kimi qəbul edilir. Əksinə, prokrastinasiyadan sonra əldə olunan uğur “şans” ilə izah olunur . Hər iki halda ortaq nəticə dəyişmir: fərd öz real bacarığını daxililəşdirmir. Bu isə növbəti tapşırıqda “ifşa olunma” qorxusunu artıraraq eyni dövrün yenidən təkrarlanmasına səbəb olur.[6]
Bu dövrün davamlılığında özünüqiymətləndirmə və ruminasiya mühüm rol oynayır. İmposter sindromu olan şəxslər üçün səhv etmək sadəcə performans çatışmazlığı deyil, daha çox şəxsi uğursuzluq kimi qəbul edilir və güclü utanc hissi yaradır. Onlar qeyri-mükəmməl nəticələr üzərində uzun müddət düşünür, yəni ruminasiya edir və ən kiçik qüsurları belə böyüdərək özlərinə qarşı sərt tənqid yönəldirlər. Araşdırmalar göstərir ki, imposter fenomenini ən yaxşı izah edən amillər arasında təsdiqə ehtiyac, ruminasiya meyli və zəif təşkilatçılıq bacarıqları yer alır.[2]
Digər vacib məqam isə uğurun gözlənilən təsiri göstərməməsidir. Məntiqə görə uğur özünə inamı artırmalı olsa da, imposter sindromunda bunun əksi baş verir. Hər yeni nailiyyət başqalarının gözləntilərini yüksəldir və bu da fərddə daha çox təzyiq və “saxtakar kimi ifşa olunma” qorxusu yaradır. Bu şəxslər tez-tez başqalarının onları real qabiliyyətlərindən daha yüksək qiymətləndirdiyinə inanır və bu uyğunsuzluq daxili gərginliyi daha da artırır. Fərd düşünür ki, əgər növbəti dəfə eyni dərəcədə əziyyət çəkməsə (yəni mükəmməl olmasa), mütləq uğursuz olacaq. Nəticədə uğur, özünə inamı möhkəmləndirmək əvəzinə onu zəiflədir.
İmposter sindromu (İS) ilk dəfə 1978-ci ildə psixoloqlar Pauline Clance və Suzanne Imes tərəfindən yüksək nailiyyətli qadınlar üzərində aparılan müşahidələr nəticəsində "intellektual saxtakarlıq" hissi kimi elmi ədəbiyyata daxil edilmişdir. O dövrdə bu fenomenin yalnız qadınlara aid olduğu düşünülsə də, sonrakı onilliklərdə aparılan tədqiqatlar göstərdi ki, İS gender fərqi qoymadan hər kəsə təsir edən psixoloji modeldir. Bu vəziyyət fərdin qazandığı obyektiv nailiyyətlər ilə onun daxili, subyektiv yetərsizlik qavrayışı arasındakı dərin uyğunsuzluq kimi xarakterizə olunur.
İmposter sindromu sadəcə müvəqqəti bir özünəinam problemi deyil; o, fərdin həyat yaşamına ciddi şəkildə təsir edən klinik səviyyəli stress və anksiyete mənbəyidir. Qasem və həmkarlarının İordaniya Universitetində apardıqları genişmiqyaslı tədqiqat bu əlaqəni statistik rəqəmlərlə təsdiqləyir. Tədqiqat nəticələrinə görə, İS ilə stress və anksiyete arasında güclü müsbət korrelyasiya mövcuddur. [5]
Bu stressin yaranmasına səbəb olan fundamental faktor "ifşa olunma qorxusu"dur. İS yaşayan fərd üçün hər yeni uğur özünəinamı artıran bir stimul deyil, əksinə, gələcəkdə ifşa olunma riskini artıran yeni bir vəziyyətə çevrilir. El-Ashry və digərlərinin (2024) tibb bacısı tələbələri üzərində apardıqları araşdırma göstərir ki, imposter hissləri yüksək olan fərdlərdə depressiya və anksiyete meyilliyi daha kəskindir. Xüsusilə yuxarı kurs tələbələri, aşağı akademik göstəricilərə malik olanlar və sosial dəstəkdən məhrum şəxslər bu psixoloji təzyiqə qarşı daha həssasdırlar.[3]
İmposter sindromunu anlamaq üçün onun yaratdığı təhrif olunmuş düşüncələrə nəzər salmaq vacibdir. Walker qeyd edir ki, bu sindrom fərdlərdə "mən kifayət qədər yaxşı deyiləm" tipli dəyişməz düşüncə qəliblərini gücləndirir. Bu, sadə bir təvazökarlıq deyil, düşüncənin patoloji səviyyədə pozulmasıdır. Gagliardi tərəfindən aparılan təhlillər göstərir ki, İS yaşayan fərdlərin düşüncə tərzi bəzi hallarda Obsessiv-Kompulsiv Pozuntu ilə oxşarlıqlar təşkil edir.Şəxs bir "anksiyete döngüsü" içində sıxılıb qalır: o, uğur qazanır, lakin bu uğuru daxilən mənimsəyə bilmir. Nəticədə, hər müvəffəqiyyət fərdin öz "bacarıqsızlığını" gizlətmək üçün qurduğu bir oyun kimi qəbul edilir və bu da mənəvi günahkarlıq duyğusunu gücləndirir [4].
İmposter sindromunun yaratdığı daxili narahatlıq fərdləri müəyyən müdafiə xarakterli davranışları etməyə sövq edir. Bu davranışlara həddindən artıq hazırlıq daxildir. Fərd "saxtakar" olmadığının sübut olunmayacağından qorxaraq, hər hansı bir tapşırıq üzərində lazım olduğundan qat-qat çox işləyir. Rivera və həmkarları qeyd edirlər ki, bu davranış xüsusilə yüksək ixtisaslı peşə sahiblərində (məsələn, səhiyyə işçiləri) tükənməyə aparan ən qısa yoldur. İkinci prokrastinasiya davranışıdır. Fərdin yeni imkanlardan qaçmasına, sual verməkdən çəkinməsinə və ya dəstək istəməkdən qorxmasına səbəb olur. Walker bu davranışı "təhlükəsizlik axtarışına yönəlmiş sığınma aktı" kimi təsvir edir. Fərd yardım istəyərsə, bacarıqsızlığının üzə çıxacağından qorxur və bu da onun inkişafını ləngidir.
Stress faktoru üçün vurğulanmalı olan vacib məqamlardan biri də fərdin özünü sosial mühitə nə qədər aidiyyət hiss etməsidir. Tədqiqatlar sübut edir ki, fərd özünü mühitin bir parçası kimi hiss etdikdə, imposter sindromunun yaratdığı stress faktorlarına qarşı daha dözümlü olur. Aidiyyət hissi imposterin yaratdığı "təcridolunma" və "yadlıq" hisslərini neytrallaşdıran psixoloji bir qalxan rolunu oynayır.
İmposter sindromu müstəqil bir diaqnoz deyil, o, özündənşübhə etmənin ən kəskin nöqtəsidir. Bu o deməkdir ki, hər kəs müəyyən qədər özünə inamsızlıq yaşayır, lakin İS yaşayanlarda bu artıq patoloji səviyyədədir.
İmposter sindromunun yaranmasında bir çox faktorlar rol oynayır bunlardan biri də sosial media istifadəsidir. Hazırkı dövrdə sosial media ideal səviyyəyə çatdırılmış məzmunla xarakterizə olunan bir ünsiyyət platforması kimi çıxış edir. Sosial media nəticəsində formalaşan sosial müqayisə prosesi fərdlərin özünüqiymətləndirməsinə və düşüncə tərzinə müxtəlif psixoloji təsirlər gostərir. Davamlı müqayisə insanların yetərsiz hiss etməyinə səbəb olur. Fərdin özünü başqaları ilə müqayisə etməsi fərdin daim öz qabiliyyət və bacarıqlarına şübhə ilə yanaşmasına səbəb olur. Nəticə etibarilə, fərd obyektiv uğurlarına baxmayaraq onları qəbul etməkdə çətinlik çəkir. “Hamı məndən daha yaxşıdır” düşüncəsi imposter sindromunun inkişafına gətirib çıxara bilər. Tarixən fərdlər arasında müqayisə aparmaq meyli olsa da sosial medianın geniş yayılması bu prosesi daha intensiv və davamlı xarakterə salmışdır. Pew Research Center-ə görə ABŞ-da böyüklərin 69%-i, yeniyetmələrin 81%-i sosial mediadan istifadə edir. Bu isə insanların narahatlıq depressiya və digər problemlər yaşama riskini artırır. 2018- ci ildə Britaniyada aparılan araşdırma göstərib ki, sosial mediadan çox istifadə etmək yuxuya mənfi təsir gostərir. Nəticədə, yorğunluq artır, diqqət və yaddaş zəifləyir, depressiya və stress riski yüksəlir. Sosial media müəyyən hallarda motivasiya mənbəyi rolunu oynasa da, eyni zamanda qeyri-real müqayisələrin yaranmasına və özünə dəyər hissinin zəifləməsinə səbəb olur.
Sosial medianın hər bir növü sindromun inkişafına təkan verir. Bunlardan biri də Linkedin platformasıdır. Bu plaforma insanlarda sosial müqayisəni gücləndirir və imposter sindromunun yaranmasını stimullaşdıra bilər. Linkedində aktivlik bəzi istifadəçilərdə sosial müqayisəni artırır buda imposter sindromunun intensivləşməsinə səbəb olur.Sosial müqayisə fenomeni yalnız fərdi psixoloji proses deyil, həm də sosial-psixoloji xarakter daşıyır. Bu anlayışın kökləri II Dünya Müharibəsi dövründə Samuel Stouffer tərəfindən aparılan tədqiqatlara dayanır. O ABŞ ordusunun müxtəlif bölmələrində əsgərlərin xidmət şəraitindən və yüksəlmə imkanlarından məmnunluğu araşdırmışdır.
Sosial müqayisə qaçınılmaz psixoloji prosesdir. Lakin bu müqayisənin mahiyyətini və mənbəyini anlamaq fərdin özünü daha realist qiymətləndirməsinə kömək edir. Müxtəlif performans göstəricilərinin tarixi və sosial kontekstini dərk etmək onların mütləq uğur meyarı olmadığını göstərir.
Quliyeva Abuhəyat Natiq qızı ,BDU-nun I kurs magistrantı.
Bağırlı Mələk Əhməd qızı , BDU Psixologiya III kurs.
Səriyyə Əsədullayeva Hilal qızı ,BDU Psixologiya III kurs.
Nərmin Məmmədova Zahid qızı ,BDU Psixologiya III kurs .
Aysu Qurbanlı Rahib qızı ,BDU Psixologiya III kurs.
Səadət Səmədzadə Asəf qızı,BDU Psixologiya III kurs.
Dünya Sadıqova Ramil qızı, BDU TSPX II kurs.

