ADA Universitetinin əsası Diplomatik Akademiya kimi qoyulub və bu gün də diplomatiya sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verməkdə davam edir.
“Tehsil365”xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Universitetin İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə keçiriləcək XX Bakı Yay Enerji Məktəbinin açılış mərasiminə bildirib.
Onun sözlərinə görə, universitet fəaliyyətə Diplomatik Akademiya kimi başlasa da, hazırda bu çərçivəni xeyli genişləndirib: "Diplomatik Akademiya artıq universitetin tərkibində fəaliyyət göstərən məktəblərdən yalnız birinə çevrilib. Burada proqramlarımızın məzunları olan, artıq səfir kimi çalışan bir çox tanış simaları görürəm. Bu proqram 20 il əvvəl başlayıb. Söz verirəm ki, 30 illik yubileyində də sizinlə olacağam. Çünki proqramlarımızla bağlı həyəcanımız bizi enerjili saxlayır və ölkəmiz üçün böyük əhəmiyyət daşıyan layihələri həyata keçirməyə stimul verir".
H.Paşayev bildirib ki, universitet hər zaman BP-nin dəstəyini hiss edib və bu əməkdaşlıq bu gün də davam edir: "Söhbət təkcə bu proqramdan getmir, ümumilikdə təhsil proqramlarımızdan gedir. BP, həmçinin Corc Vaşinqton Universiteti ilə həyata keçirdiyimiz ikili diplom proqramına dəstək verir. Bu, çox uğurlu proqramdır, çünki biz universitetimizdə mühəndislik təhsilini daha da inkişaf etdirməyə çalışırıq".

