Dünyada iqlim məsələləri əvvəlki qədər prioritet hesab edilməsə də, bu mövzu aktuallığını qoruyur.
“Tehsil365” xəbər verir ki, bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə keçiriləcək XX Bakı Yay Enerji Məktəbinin açılış mərasiminə bildirib.
Onun sözlərinə görə, Avropada və dünyanın digər bölgələrində müşahidə olunan istilik dalğaları bir daha xatırladır ki, iqlim dəyişikliyi planetdə sürətlə davam edir: "Təəssüf ki, təbii fəlakətlərin, istilik dalğalarının, daşqınların, quraqlıqların və digər hidrometeoroloji hadisələrin başvermə tezliyi artır".
M. Babayev bildirib ki, bu gün enerji təhlükəsizliyi və böhranı qlobal gündəliyin ən vacib mövzularından biridir: "Son illərdə baş verən hadisələr enerji böhranının nə qədər təcili və təhlükəli problem olduğunu bütün dünyaya nümayiş etdirib. COP28 çərçivəsində nüvə enerjisinin təhlükəsiz enerji mənbəyi kimi qəbul edilməsi bu sahəyə marağı artırıb. Bu yay Avropada istilik dalğaları, çaylarda suyun səviyyəsinin aşağı düşməsi və soyutma sistemlərinin fəaliyyətində yaranan çətinliklər səbəbindən nüvə elektrik stansiyalarında enerji istehsalı 10 %-dən çox azalıb".

