Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Kollegiyanın üzvləri üçün müxtəlif icbari tədris tədbirləri təşkil olunub.
Bu barədə “Tehsil365”ə Vəkillər Kollegiyasından məlumat verilib
Bildirilib ki, iyunun 6-da "Fərdi əmək mübahisələrinin hüquqi tənzimlənməsi" mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyasının üzvü Könül Fərəcova fərdi əmək mübahisələrinin yaranma səbəbləri və onların hüquqi əsasları, işçi və işəgötürənin hüquq və vəzifələri, əmək mübahisələrində tərəflərin hüquqi statusu, fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həlli barədə geniş çıxış edib.
Eyni zamanda iyunun 6-da "Cinayət işlərində müdafiə taktikasının qurulması: nəzəri və praktiki yanaşmalar" mövzusunda təşkil olunmuş növbəti hibrid təlimdə isə təlimçi - Vəkillər Kollegiyasının üzvü Samir İsayev tərəfindən cinayət işlərində müdafiə taktikasının əsas xüsusiyyətləri, cinayət işinin ilkin təhlili, məhkəmə mərhələsində müdafiə taktikası və digər əlaqəli məsələlər barədə geniş müzakirələr aparılıb.
İyunun 13-də isə "Beynəlxalq kommersiya arbitrajı" mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvü Fuad Qəşəmov beynəlxalq kommersiya arbitrajının hüquqi əsasları, Arbitraj məhkəməsinin yurisdiksiyası, o cümlədən arbitraja tətbiq olunan hüquq və digər praktiki məsələlər barədə ətraflı çıxış edib.
Həmçinin iyunun 13-də "Aktual vergi mübahisələri və məhkəmə təcrübəsi" mövzusunda təşkil olunmuş növbəti hibrid təlimdə isə təlimçi - Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev vergi mübahisələrinin növləri, kameral vergi yoxlamaları üzrə aktual mübahisələr, səyyar vergi yoxlamaları, müvəqqəti xarakterli müdafiə institutunun tətbiqi üzrə yeni məhkəmə təcrübəsi ilə bağlı müxtəlif müzakirələr aparılıb.
İyunun 20-də isə "Həbslər, dindirilmə prosedurları və məhkəmə araşdırması" mövzusunda təşkil olunmuş hibrid formalı təlimdə təlimçi - Vəkillər Kollegiyası İxtisas Komissiyasının üzvü, Alibi Vəkil Bürosunun müdiri Fərid Həsənov şübhəli şəxsin tutulmasının hüquqi əsasları və prosessual qaydaları, həbsə alternativ qətimkan tədbirləri, müdafiəçinin cinayət təqibinin ilkin mərhələsində rolu, məhkəmə araşdırmasının mərhələləri və proses iştirakçılarının məhkəmədə dindirilməsi qaydaları barədə ətraflı çıxış edib.
İyunun 21-də keçirilən növbəti hibrid təlimdə "Qanun üzrə vərəsəlik və məcburi pay institutu" mövzusu üzrə təlimçi - Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın Aparat rəhbərinin müavini Səttar Məmmədov vərəsəsiz əmlak, məcburi pay almaq hüququ olan şəxslər, məcburi paydan məhrumetmə, qanun üzrə vərəsəlikdə növbəlilik, eləcə də mirasdan məcburi pay institutu barədə məruzə ilə çıxış edib.
İyunun 27-də isə "İşəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilməsi" mövzusunda təşkil olunmuş hibrid formalı təlimdə Vəkillər Kollegiyasının üzvü, Femida Vəkil Bürosunun müdiri Pənah Məmmədov tərəfindən əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən nəzərdə tutulan qaydalar, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar, əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi zamanı razılaşmalar və praktiki tövsiyələr barədə müxtəlif müzakirələr aparılıb.
Eyni zamanda, iyunun 27-də növbəti hibrid təlimdə "Cinayət işlərində müdafiə taktikasının qurulması: nəzəri və praktiki yanaşmalar" mövzusu üzrə təlimçi - Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı cinayət təqibi çərçivəsində müdafiənin hüquqi və taktiki əsaslarının müəyyən edilməsi, cinayət işinin faktiki və hüquqi hallarının kompleks qiymətləndirilməsi, məhkəmə araşdırılması zamanı müdafiə fəaliyyətinin təşkili, hüquqi mövqeyin müdafiəsi barədə geniş məruzə ilə çıxış edib.
Həmçinin iyunun 12-də "İnsan Hüquqları Aylığı" çərçivəsində vəkillərə "Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin (Şəxsi və ailə həyatına hörmət hüququ) milli səviyyədə tətbiqi və şəxsiyyət hüquqlarının müdafiəsi" mövzusunda distant formada keçirilmiş təlimdə Vəkillər Kollegiyasının üzvü Günel Sadıqova Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin milli səviyyədə tətbiqi, şəxsi və ailə həyatı, yazışma, fərdi məlumatlar, mənzil toxunulmazlığı barədə praktikada yaranan problemlərin həll vasitələri, 8-ci maddə üzrə əsas yoxlama alqoritminin zəruriliyi, mütənasibliyi və müvafiq olaraq digər məsələlər barədə çıxış edib.
Təşkil olunmuş interaktiv təlimlərdə Vəkillər Kollegiyasının 2116 üzvü iştirak edərək müvafiq sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, bu tədris tədbirlərində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və vəkillər üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə daxildir.

