“Süni intellektdən istifadə şagirdlər üçün faydalıdır, çünki bu yeni əsrin reallığıdır”.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib.
“Bu reallığı danmaq və ya ona üz döndərmək olmaz. Bu reallıqla üzləşmək və düzgün, etik qaydalara uyğun istifadə etmək lazımdır. Necə ki, kalkulyator bir zamanlar hesablama məsələlərini daha asand və sürətli hala gətirmişdi, süni intellekt də bir çox məsələləri asand və sürətli hala gətirir. Buna görə də, bizim kalkulyatordan və ya mətbəədən istifadə etməməyimizin nəticəsi nə olardısa, süni intellektdən istifadə etməməyimizin də nəticəsi eyni olar”.
Onun sözlərinə görə, mütləq süni intellektdən şagird də, müəllim də istifadə edə bilməlidir. Bunu dərslərə inteqrasiya edə bilmək lazımdır. Eləcə şagirdlər işlərini daha asand, daha rahat və daha sürətli görə bilər, məlumatı daha rahat tapa bilər.
“Əlbəttə ki, süni intellektə tamamilə etibar etmək olmaz. Sadəcə bu alətləri düzgün istifadə etməyin yollarını öyrənmək lazımdır” - deyə Qoşqar Məhərrəmov əlavə edib.

