Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə yaradılmış “Türkiyə ədəbiyyatı” bölməsinin açılış mərasimi keçirilib.
“Tehsil365”
xəbər verir ki, bölmə Azərbaycan və Türkiyənin Mədəniyyət nazirliklərinin birgə həyata keçirdiyi layihə çərçivəsində, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın və qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi məqsədilə yaradılıb.
Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mərkəzin önündə ucaldılmış abidəsini ziyarət ediblər.
Tədbir Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxışlarda bildirilib ki, həyata keçirilən layihə yalnız kitab nümayişi deyil, eyni zamanda, əsrlərə söykənən Azərbaycan–Türkiyə qardaşlığının, ortaq dil, tarix və mədəniyyət birliyinin növbəti təzahürüdür. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı bu gün də iki qardaş ölkə arasında strateji tərəfdaşlığın və mənəvi birliyin əsasını təşkil edir. O da qeyd olunub ki, Mərkəzdə yaradılan yeni bölmə gələcəkdə hər iki qardaş ölkənin ziyalıları, tədqiqatçıları və gəncləri üçün mühüm mütaliə, elmi və mədəni əməkdaşlıq məkanlarından birinə çevriləcək.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzinin kitabxanasında yaradılmış “Türkiyə ədəbiyyatı” bölməsi ilə tanış olublar. Burada klassik və müasir türk ədəbiyyatının, eləcə də elmi və bədii əsərlərin seçilmiş nümunələri nümayiş etdirilir.

